Hazırda mövsümi keçid dövrüdür. Qaz anbarlarına qazın vurulması 12.04.2018-ci il tarixindən etibarən başlanılıb.

Oxu.Az xəbər verir ki, bunu “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov “Natural Gas World” dərgisinin yeraltı qaz anbarlarının modernləşdirilməsi və payız-qış mövsümünə hazırlıq məqsədilə qazın vurulması prosesinin başlaması yönündə sualına cavabında deyib

O bildirib ki, Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən vurulan və götürülən qazın həcminin artırılması və anbarların modernləşdirilməsi istiqamətində işləri davam etdirilir:

“Yəni, yeraltı qaz anbarlarının modernləşdirilməsi “Qaradağ” və “Qalmaz” yeraltı qazsaxlama anbarlarının aktiv tutumunun artırılması layihəsi üzrə işləri həyata keçiririk.

Bu qəbildən “Qalmaz” yatağında əlavə, 21 quyu qazılmaqla tutumu 500 milyon kubmetr olan yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq.

“Qaradağ” yatağında da birinci tektonik bloka yeni quyuların qazılması və VII horizontunun tam bərpa edilməsi nəzərdə tutulur.

Bunun nəticəsində bir milyard kubmetr əlavə qaz həcmi yaradılacaq. Həmçinin, Qaradağda yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq”.