Yunis/AzEuroNews.com/Bakı ► ► ► Mayın 11-də Bakı səhəri zavod fəhlələrinin etirazları ilə açdı. Onlar tətil etmirdilər, maaşlarından, iş rejimindən şikayətlənmirdilər.

AzEuroNews.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 300-ə yaxın əliqabarlı işçini ayağa qaldıran səbəb “Bakı İnşaat Sənaye” ASC-nin istehsal xətlərinin sökülüb aparılması ilə bağlı qanunsuz məhkəmə qərarı idi.

► Fəhlələrin dirənişi: “Rasim Məmmədov bizi ac-yalavac qoyur“

“Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədovun zavodu məhkəmənin qanunsuz qərarı ilə qəsb etmək cəhdi isə məhkəmə icraçıları ilə fəhlələrin qarşıdurmasına səbəb olub.

Zavodun qapılarını bağlayaraq canlı divar hörən fəhlələr bu qanunsuzluğa imkan verməyəcəklərini söyləyiblər.

Onların sözlərinə görə, R.Məmmədov qanunsuz məhkəmə qərarı ilə 300 ailəni çörəksiz qoymağa çalışır.

Fəhlələr məhkəmə icraçılarının zavoda daxil olmasına müqavimət göstəriblər. Sonra “Bakı İnşaat Sənaye” ASC-nin nümayəndəsi onları təxribata uymamağa çağırıb.

Zavod nümayəndəsi bildirib ki, məhkəmənin qanunsuz qərarının icrasına imkan verməyəcəklər: “Cənab prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanıma burdan müraciət edirik.

Burada 300 nəfərin işsiz qalmasına, alnımızın təri ilə yaratdğımız zavodun qanunsuz ələ keçirilməsinə imkan verməsinlər.

Dövlət başçısı şərait yaradıb, biz də bu müəssisəni açmışıq, 300 nəfər ailəsinə çörək pulu aparır. Ancaq məhkəmə icraçıları qanunsuz qərarı icra etməyə gəliblər”.

İşçilər deyiblər ki, dünəndən zavoda hücum olacağı xəbərini almışdılar: “Bunlar bir tikə çörəyimizi qazanmağa niyə qoymurlar? Rasim Məmmədovun göstərişi ilə qanunsuz qərar çıxarıb zavodu əlimizdən alırlar, işimizi iflic edirlər.

Kimə deyək dərdimizi? Biz əliqabarlı, alın təri ilə 3-5 manat maaşla dolanan fəhlələrik. Rasim Məmmədov rahat kabinetində oturub qanunları ayaqlar altına ataraq bizi ac-yalavac qoyur.

Bu, cənab prezidentə təxribatdır, onun tapşırıqlarına, siyasətinə qarşı çıxmaqdır. Biz burdan prezidentə səslənirik ki, bu məsələyə diqqət göstərsin”.

► Rasim Məmmədovun “qəsb yürüşü”

Qeyd edək ki, “Bakı İnşaat Sənaye” ASC Zülfüqarlı qardaşlarına məxsusdur. Zülfüqarlılar baş verməkdə olan böyük qanunsuzluqlarla bağlı artıq ölkə rəhbərliyinə müracət ünvanlayıblar.

Saytımıza müraciətin tam mətni daxil olub. I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan müraciətdə deyilir:

Çox hörmətli Mehriban xanım!

Biz iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşları “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədov və onun havadarları tərəfindən əmlaklarımız “Bakı Poladtökmə” ASC, “Bakı Elektroştamp” ASC, Bakı şəhəri, Binəqədi şossesi 53 ünvanında yerləşən, şəxsi mülkiyyətimiz olan əmlak kompleksi, həmin kompleksin yanında yerləşən, kiçik qardaşımız Elnur Zülfüqarlıya məxsus qranit kəsmə sexi qarşılığında heç bir ödəniş edilmədən, zorla əlimizdən alınaraq qəsb edilib.

Bundan sonra Rasim Məmmədovun  təzyiqləri səbəbindən və həyatımız təhlükə qarşısında olduğundan ölkəni tərk etmək məcburiyyətində qaldıq.

Uzun müddət Türkiyə Respublikasında mühacirətdə yaşadıqdan sonra, cənab Prezidentin sahibkarlara çağırışına cavab olaraq, İlham Əliyev cənablarının və şəxsən ölkəmizin I Vitse-Prezidenti kimi Sizin sahibkarla verdiyiniz dəstəkdən ruhlanaraq ölkəmizdə yeni iş qurmaq niyyəti ilə vətənimizə geri döndük”.

► “Paşa Bank”dan külli miqdarda kredit götürmüşük”

Müraciətdə bildirilir: “Ölkəmizə qayıtdıqdan sonra biz külli miqdarda investisiya yatıraraq, müasir tələblərə cavab verən yeni istehsal sahəsi yaratdıq.

Bunun da nəticəsində artıq 300 nəfərdən yuxarı yeni iş yerləri açmışıq. Biz bu layihəni həyata keçirmək məqsədi ilə ölkəmizin ən böyük banklarından olan “Paşa Bank” ASC-dən külli miqdarda kredit götürmüşük.

Bu istehsal sahəsini qurarkən, ölkə Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli, 745 nömrəli Fərmanın uyğun olaraq İqtisadiyyat Nazirliyindən 12 oktyabr 2017-ci il tarixli, İN/İTS-122/2017 saylı İnvestisiya Təşviqi Sənədini də, əldə etmişik.

Bizim istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara tam cavab verdiyindən, məhsullarımızın böyük hissəsi uğurla xaricə ixrac olunur.

Biz qurduğumuz yeni istehsal sahəsi ilə bağlı artıq İSO sertfikatını da, almışıq. Biz Zülfüqarlı qardaşları iş adamları olaraq bununla kifayətlənməyərək, daha yeni və daha uğurlu layihələrin reallaşdırılması üzərində çalışırıq.

Lakin çox təəssüf ki, bizim bu uğurlarımızı qısqanclıqla qarşılayan Rasim Məmmədov yenidən öz havadarlarının köməyinə arxalanaraq, bizim üstümüzə daha aqressiv şəkildə gəlməyə və bizə qarşı çox böyük təzyiqlər etməyə başlayıb”.

► “Rasim Məmmədovun təzyiqləri…”

Zülfüqarlılar qeyd edirlər ki, onlara qarşı saxta iddialar qaldırtdıraraq, məhkəmələrə təzyiq etdirməklə əleyhimizə qeyri-qanuni qərarlar çıxartdırıb:

“Bu yolla tərəfimizdən quraşdırılmış və bizə məxsus olan istehsal xəttini zorla əlimizdən almağa çalışır.

Qeyd edək ki, həmin xətt  bizim yeni qurduğumuz istehsal sahəsinin əsasını təşkil etdiyindən, Rasim Məmmədov həmin xətti bizim əlimizdən zorla almaqla yeni qurduğumuz və uğurla fəaliyyət göstərməkdə olan yeni istehsal sahəsini iflic vəziyyətinə salaraq, fəaliyyətini dayandırmaq istəyir.

“Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov
“Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov

Artıq Rasim Məmmədovun təzyiqləri nəticəsində Bakı şəhəri,  Nizami Rayon İcra və Probasiya Şöbəsindən bizə rəsmi qaydada xəbərdar ediblər ki, 11 may 2018-ci il tarixində qeyd edilən xətt məcburi qaydada sökülərək aparılacaqdır.

Bir daha bildirmək istəyirik ki, həmin xəttin sökülməsi müəssisəmizin iflic vəziyyətinə düşməsinə səbəb olacaq ki, bununda nəticəsində həm 300 nəfərə yaxın adam öz iş yerlərini itirəcəklər.

Bundan başqa reallaşdırmaq istədiyimiz yeni perspektiv layihələri həyata keçirmək mümkün olmayacaq.

Qeyd edilənlərlə yanaşı bildirmək istəyirik ki, əgər müəssisəmiz Rasim Məmmədov tərəfindən məqsədyönlü şəkildə iflic vəziyyətinə salınarsa, bizim “Paşa Bank” ASC qarşısında kredit ödənişləri ilə bağlı götürdüyümüz müqavilə öhdəliklərinə əməl etməyimiz demək olar ki, mümkünsüz vəziyyətə gələcəkdir”.

► Mehriban Əliyevaya məktubda nə yazılıb?

Müraciətin sonunda bildirilir: “Hörmətli Mehriban xanım!

Biz bu ölkənin vətəndaşları deyilikmi? Bizim vergilər şəklində ödədiyimiz külli miqdarda vəsait bizim ölkəmizin büdcəsinə zərrə qədərdə olsa xeyir vermirmi?

Bizim müəssisədə çalışan 300 nəfərdən artıq əməkdaş bu ölkənin vətəndaşları deyilmi? Axı bizə qarşı edilən bu ayrı-seçkilik haradan qaynaqlanır?

Çox hörmətli I Vitse-Prezident!

Biz daima Dövlətini, Prezidentini sevən, dövlətimizin verdiyi qərarlara hörmətlə yanaşan, dövlətimizin mənafeyini hər şeydən üstün tutan, bir iş adamları kimi Sizə müraciət edirik.

Hər danışığında Ramiz Mehdiyevin adını hallandıraraq ona arxalanan Rasim Məmmədovun hərəkətlərinə son qoyulmasını tələb edirik.

3 zavodumuzun zorla əlimizdən alınması bəs deyilmiş kimi son dayanacağımız olan, Bakının Keşlə qəsəbəsində yerləşən zavodumuzdakı prokat xəttini də özününkiləşdirərək əlimizdən alınması artıq bizim üçün namus məsələsidir.

Ulu öndərimiz Heydər Əliyevin ad günündə müxtəlif güc strukturlarının müşaiyəti ilə zorla zavoda girib alın tərimizlə qazanıb qurduğumuz prokat xəttinin sökülməsinə icazə verməyəcəyik.

Ona görə də, ölümlə nəticələnə biləcək qarşıdurma yaranmasın deyə verilən icra qərarının dayandırılması ilə bağlı lazımi göstəriş verməyinizi öz adımızdan və müəssisəmizin çoxsaylı kollektivi adından Sizdən xahiş edirik”.