Hacı Şahin: “Günaha, əxlaqsızlığa təşviq edən, insanı özündən çıxaran musiqi…”

Musiqi İslamda müzakirə, bəzən də mübahisə yaradan mövzulardandır. Problem ondadır ki, müqəddəs kitabımız Quranda bu məsələyə mövqe bildirəcək açıq ayələr yoxdur. İslam alimləri müəyyən hədislər və dəlillərə əsasən musiqi ilə bağlı hökmlər çatdırır. Ona görə də bu mövzuda tam dəqiq yanaşma mövcud deyil.

Hazırda mübarək Ramazan ayını yaşayırıq. İslamda musiqinin haram olub-olmaması bu ayda daha çox müzakirə edilir. Musiqinin lehinə və əleyhinə göstərilən səbəblərə baxıb nəticəyə gəlmək olur ki, musiqi qəti şəkildə qadağan edilməyib.

Ramazan ayının son ongünlüyündə Həzrəti Əlinin (ə) şəhadət günləri var ki, bununla bağlı matəm mərasimləri qeyd edilir. Lakin mahiyyət etibarı ilə Ramazan ayı matəm ayı deyil. Buna baxmayaraq Ramazan ayı boyunca bir çox oruc tutanlar musiqidən uzaq dururlar. Hətta paytaxtın bəzi restoranlarında canlı musiqi bir aylıq dayandırılıb. Səbəb olaraq Ramazan ayında musiqi dinləməyin haram olduğu göstərilir.

Mövzu ilə əlaqədar ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin fikirlərini öyrənirik.

İlahiyyatçı bildirdi ki, bu ayda musiqi dinləməklə bağlı fikir birmənalı deyil: “Musiqi mövzusuna dinimizdə müxtəlif baxışlar var. Əsas məşhur nəzəriyyə belədir ki, insanları günaha, sövq edən, fitnə-fəsada  istiqamətləndirən, bayağı, insanı təhrik edən musiqi növləri haram hesab olunur. Məzmunu, mahiyyəti İslamı dəyərlərlə ziddiyyət təşkil etməyən, insaniyyətə, insanlığa çağıran, ali dəyərlərə dəvət edən musiqilər halal hesab edilir. İstər Ramazan, istər digər aylarda insan onu təbii halından çıxaran musiqi dinləməkdən çəkinməlidir. Müqəddəs Ramazan ayında digər aylarda olduğu kimi şəriət hökmləri dəyişməz olaraq qalır”.

İlahiyyatçının sözlərinə görə, musiqi ilə bağlı Ramazan ayı üçün ayrıca hökm yoxdur: “Digər aylarda halal olanlar  Ramazan ayında da halal, digər aylardan haram olanlar ramazan ayında da haramdır – yemək-içmək müəyyən saatlarda istisna olmaqla. Ramazan ayının hökmləri digər ayların hökmləri ilə heç bir cəhətdən fərqlənmir. Musiqini dinimiz birmənalı olaraq qadağan etmir. Musiqinin halal və haram növləri var. Musiqinin halal növüdürsə, Ramazan ayında da verilə bilər. Sadəcə olaraq insanlar yanlış məlumatlanır, yanlış düşünürlər və musiqini Ramazan ayında özlərinə haram qəbul edirlər. Yaxşı olardı, bu məsələ insanların öz istəyinə buraxılardı. Elə musiqi var, bir insana pis təsir göstərir, digərinə yaxşı. Bir insan hesab edir ki, bu, fitnə-fəsada, əxlaqsızlığa rəvac verən musiqidir. Digəri belə hesab etmir. Ümumən günaha, əxlaqsızlığa təşviq edən, bayağı, şit musiqinin dinlənməsi məqsədəuyğun deyil”.

Yeni Müsavat”