Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva İdarəsinin əməkdaşları ötən həftə, mayın 14-də Moskvaətrafı vilayətin Mıtişi şəhərində azərbaycanlı biznesmen, “pomidor kralı” kimi tanınan Vahid Novruzovu həbs edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bir neçə şirkətin sahibi və 20-dən çox biznes növü ilə məşğul olan Novruzov vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

“Pomidor kralı” Vahid Novruzov Mıtişi şəhərindəki “Bakinskiy bulvar” restoranında azərbaycanlıların gözü qarşısında saxlanılıb. Məlum olub ki, Novruzovun şəhərdəki mağazalarının, parakəndə ticarət köşklərinin əksəriyyəti qanunsuzdur.

Saxlanılandan dərhal sonra Rusiya İstintaq Komitəsinin Mıtişi şöbəsi tərəfindən onun barəsində  Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə həbs qətimkan tədbiri seçilib. O, 8 il azadlıqdan məhrum edilə bilər.

Vahid Novruzov Mıtişi şəhərində parakəndə meyvə-tərəvəz ticarətinə nəzarət edir, şəhərdə onun onlarla ixtisaslaşmış mağazaları, kafe və restoranları, avtoservisi və digər kommersiya obyektləri var.