Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Azərbaycan Ordusu Naxçıvanda daha bir uğura imza atıb. Naxçıvan Ordu Korpusunda xidmət edən yüksək rütbəli zabitlərimizdən AzEuroNews.com-a verilən məlumata görə, uzun illərdir neytral mövqedə qalan Şərur rayonunun Günnüt kəndinin üstündə olan təpələr tutulub. Beləcə Günnüt kəndi neytral mövqedən çıxarılıb.

Günnüt kəndi
Günnüt kəndi

Verilən məlumatda qeyd olunur ki, hazırda kənddə postların qurulmasına başlanılıb. Olduqca strateji mövqedə yerləşən Günnütün neytral mövqedən çıxarılması düşmənin bir neçə postuna nəzarəti asanlaşdıracaq. İndiyə kimi düşmən Günnüt kəndini snayper manqası ilə nəzarətdə saxlayıb.

Məlumat üçün qeyd edək ki, Günnüt  kəndi Şərur düzündə yerləşir. Keçmiş adı Günnüt Cəfərli olub. Yaşayış məntəqəsini cəfərli nəslinə mənsub ailələr Günnüt adlı yerdə salıblar. Toponimiyada günnüt sözünü “çəmən, düzən”, günnük sözünün təhrif forması kimi “gün vuran yer”, “güzdək, son bahar yaşıllığı, payız otlağı” mənaları və nəhayət monqolların tərkibində Naxçıvana gəlmiş günnüt tayfasının adı ilə bağlayırlar.