Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.

Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul  olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin hər hansı bir maddəsi (156-cı maddənin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) istisna olunmaqla) ilə ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğu olan hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.