Emil/AzEuroNews.com/Bakı ► ► ► “Qızımın 8 yaşı vardı. 2-ci sinfi bitirəcəkdi. Fevralda yüngül pnevmaniyadan müalicə aldıq. Rentgen təmiz göstərdi. Biz də sakitləşib oturduq. Mayın 15-nə kimi heç bir şikayətimiz olmadı”.

AzEuroNews.com-un verdiyi xəbərə görə, günlərdir sosial şəbəkələrdə həkimlərin məsuliyyətsizliyi ucbatından körpəsini itirən Rafa Cəfərzadənin ürəkparçalayan bu məktubu paylaşılır.

► “Meningit dedilər, sonra pnevmaniya…”

O, övladı Aytac Cəfərzadənin ölümündə həkimləri ittiham edir və feysbuk istifadəçiləri faciə yaşayan ananın yazdıqlarını tirajlayırlar.

Lakin hələ də Səhiyyə Nazirliyindən, Qara Qarayev adına Uşaq Xəstəxanasından, “Medi Club” “tükünü tərpətmir”.

Cəfərzadə yazır ki, mayın 15-dən uşaqda az-az adi öskürəklər başlayıb: “1 həftə temperatur 37 oldu. Evdə həkim nəzarətində müalicə aldıq. Xeyri olmadı.

Qarayev uşaq xəstəxanasına – xarabaya getməzdən 3 gün qabaq temperatur 40-a qalxdı. Qusma başladı. Huşu bulanıq idi.

Mayın 22-si qızımı gecə ilə “Razin”də 5 nömrəli infeksion xəstəxanaya apardıq. Dedilər meningitə oxşayır.

Göndərdilər Qarayev xəstəxanasına ki, orda meningit çıxmasa, qayıdın bizə. Qarayevdə uşaq özünə gəldi. Sonra bizi mədə bağırsaq şöbəsinə köçürdülər.

3 gün yatdıq, qusma dayandı. Sonra bütün analizlər təmiz çıxdı. Təkcə ağciyərlərdən başqa. Diaqnoz qoyuldu: 2 tərəfli plevro pnevmaniya…”

► “Balam qucağımda dəhşət içində qışqıraraq…”

Onun sözlərinə görə, somatik şöbənin müdiri Gülnarə xanım 1 torba dərman yazır: “Həmin gün sistemlər qoyuldu, antibiotiklər…, temperatur 38.5-dən düşmürdü.

Qızdırmanı salan “Nurafen” verib dedilər ki, aerozola getməlisən. Dedim, heç olmasa temperatur 37 olsun. Gözləməyib apardılar bizi, uşağı aerozol etdilər.

Balamın halı pisləşdi. Palataya qayıdanda balam sudurqa keçirdi. 8 yaşına kimi 1 dəfə də olsun sudurqası olmamışdı.

Balam qucağımda dəhşət içində qışqıraraq kömək istədim. Şöbənin işçiləri handan hana gəlib maqnezim vurdular.

Gördülər qıcolma düzəlmir, qucağımda qaçdım reanimasiyaya. Orda uşağı məndən alıb sistem və oksigen verdilər. Balamın beyni yatmışdı. Ancaq ağrıya reaksiya verirdi”.

► “İmkanlı adam Gülhanədən həkim gətirmişdi, dedi uşağı çıxar, məhv olacaq…”

Çarəsiz ana deyir ki, reanimasiyada qaldıqları gün, yəni ayın 26-sı gecə uşağın sidik kisəsi dolub və beyinə siqnal çatmadığı üçün boşala bilmir:

“Təsəvvür edin, o boyda xarabada kateter qoyan yoxdu. Qaçıb “Semaşko”dan gecə vaxtı uroloq gətirdim. Kateter alıb verdim. Sidik kisəsi boşaldıldı.

Ancaq nə fayda?! Balamın beyni təmiz yatdı. Komaya düşdü. Kənardan həkim gətirib baxmağına icazə vermirdilər.

Ancaq yanaşı palatada imkanlı adam üçün Gülhanədən 1 həkim gəlmişdi. Güclə həmin həkimi Aytac üçün gətirdim. Baxan kimi dedi ki, uşağı burdan çıxar, məhv olacaq”.

Bundan sonra dərhal mayın 27-si artıq özəl xəstəxana axtarışına başlayıblar. Tərslikdən 3 gün istirahət olub.

“28 maya görə… Axırda məsləhətləşib, “Medi Club”-ın reanimasiyasını güclə Aytacı görməyə gətirdim, yerində müayinə edib təcili yardımla “Medi Club”-a çatdırdıq. Orda 4 gün sonra komadan çıxdı.

Ancaq ağciyərlərin biri sıradan çıxıb, digəri 30% işləyirdi. Həkimlər çalışırdı birini bərpa etsinlər ki, Aytacım yaşasın.

Xaraba Qarayev xəstəxanasında uşağa “loşadniy doza” deyilən miqdarda bir neçə antibiotik vurub ciyərlərini daha da pis günə qoymuşdular….”,-deyə Cəfərzadə yazır.

► “20 min avro dedilər, dünyam qaraldı...

O, bildirir ki, “Medi Club”da Oqtay həkim ən güclü reanimatoloq olaraq nə lazımdırsa edirdi: “Mən də Bakıda ən güclü həkimləri gətirdim, birlikdə konsultasiya etdilər.

Türkiyədən gələn həkimlər “Ekmo” aparatı məsləhət gördülər. O da ancaq Türkiyədə mümkün idi. Qərara aldıq ki, aparaq.

“Uşaqların sağlam gələcəyi” Fondu bu işdə mənə “Medi Club”a gələn gündən dəstək oldu. Onların təbliğatı ilə yardım kampaniyası başlandı.

30 min dollara yaxın pul yığıldı. Uşağı təyyarədə aparata qoşub aparmaq lazım olduğundan başqa klinikadan aparat danışıb həll etdim.

Artıq axşam uçmağa hazırlaşırdıq. Aytacın halı qəfil pisləşdiyinə görə həkim həmin aparatın da kömək etməyəcəyini dedi.

Təcili Türkiyədən tibbi ekipaj və şəxsi təyyarə gəlməli idi. Buna da 20 min avro dedilər. Dünyam qaraldı…”

► “Məni gözləyirmiş, ürək parçam…”

Aytacın anası müalicə pulunu güclə yığdıqlarını söyləyir: “Amma durmadan yardımlar da gəlirdi. Yarım gün sonra demək olar ki, o məbləğ də düzəlirdi.

Ancaq bu dəfə də Aytacımın təzyiqi 37, ürək ritmi 200 oldu. Bu halda da heç cür ona toxunmaq olmazdı. Bədəndə sepsis başladı, nə etdilərsə vəziyyətdən çıxara bilmədilər.

Balamı ürək aparatına qoşulu evə gətirdilər, bütün bunlar klinikada 4 dəfə özümdən gedən vaxt baş verib. Bir də xəbərim oldu ki, Aytacım, başımın tacı artıq canını tapşırıb….

Allahım, ağlamaq istəyirəm, göz yaşım çıxmır, bədənim göynüyür, mümkün olsaydı, ciyərimi çıxarıb verərdim ki, Aytacımın nəfəsi gəlsin.

Evdə keçinəndə gözləri açıq qalmışdı. Mən gəlib üz gözündən, bədəninin hər yerindən doyunca öpdüm, yaladım balamı, gözlərini öpdüm, balam gözlərini yumdu.

Məni gözləyirmiş, ürək parçam…O anda ağlıma bir şey gəldi ki, ondan yadigar nəsə qalsın, saçından bir hissə götürdüm, indi həmin saçla yatıb dururam, ətrini aldıqca az da olsa təsəlli tapıram. Allah heç bir anaya yaşatmasın bunu…”

► “Qarayev xəstəxanası morqdur…”

Son olaraq Cəfərzadə xalqa çağırış edib: “Bir də sizə yalvarıram Qarayev adına uşaq xəstəxanasına getməyin, ora morqdur, xəstəxana deyil.

Balamı orda başda Camal Əzizov olmaqla daha da pisləşdirib verdilər mənə. Antibiotikdən qaçın, adi öskürəyi boş buraxmayın, özü keçər deməyin, mən itirdim, siz itirməyin…”

Xatırladaq ki, 2013-cü ildə Zeynəb adlı körpəni də müalicə edən C.Əzizov olub. Vəziyyəti pisləşən uşağı İrana aparıblar, amma dünyasını dəyişib. Bu haqda sonra…