Prezident İlham Əliyev “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncam ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi daşıyır.

Qida Təhlükəsizliyi Agentliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görmək, sərəncamla yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Prezidentə təqdim etmək, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” qanunun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Nazirlər Kabineti Prezident aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları müvafiq olaraq sərəncamda nəzərdə tutulmuş işlərin icrası ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə zəruri köməkliyin göstərilməsini təmin etməlidirlər.