Rusiyada keçirilən futbol üzrə  dünya çempionatında bu gün daha 3 oyun olacaq. 

Modern.az-ın məlumatına görə, ilk olaraq C qrupunda ikinci turun matçları oynanılacaq.

Əvvəlcə meydana Danimarka və Avstraliya yığmaları çıxacaq. Skandinaviya təmsilçisi ilk görüşündə Peru üzərində 1:0 hesablı qələbə qazanıb. Avstraliya isə Fransaya uduzduğundan bugünkü matçda mütləq qələbə qazanmalıdır. Əks halda, komanda pley-off şansını itirmiş olacaq.

Eyni sözləri Fransa ilə qarşılaşacaq Peru yığmasına da aid etmək olar. Danimarka ilə matçda pis təsir bağışlamasına baxmayaraq, Cənubi Amerika təmsilçisi xalsız qaldı. Fransa isə çətinliklə də olsa Avstraliyanın müqavimətini qıra bilmişdi. Bu gün Danimarka və Fransa yenidən qələbə qazansa, o zaman hər iki kollektiv son turun nəticələrindən asılı olmayaraq 1/8 finala adlayacaq.

Günün son matçında isə Argentina və Xorvatiya yığmaları görüşəcək. D qrupunda ikinci turun ilk matçına maraq böyükdür. Çempionatın favoritlərindən olan, lakin birinci oyunda qələbəyə həsrət qalan Argentina yığması xorvatlarla görüşdə mütləq qələbə qazanmalıdır. Əks halda Messi və komanda yoldaşları mundialla elə qrup mərhələsində vidalaşa bilərlər. Xorvatiya isə ardıcıl ikinci qələbəsini qazansa, 1/8 finala yüksələcək.

DÇ-2018

21 iyun

II tur

C qrupu

16:00. Danimarka – Avstraliya
Baş hakim: 
Antonio Matyö Lahoz (İspaniya)
Samara, “Samara Arena”

19:00. Fransa – Peru
Baş hakimlər:
 Məhəmməd Abdulla Məhəmməd (BƏƏ)
Yekaterinburq, “Yekaterinburq Arena”

1. Fransa 1 1 0 0 2:1 3  
2. Danimarka 1 1 0 0 1:0 3  
3. Peru 1 0 0 1 0:1 0  
4. Avstraliya 1 0 0 1 1:2 0

D qrupu

22:00. Argentina – Xorvatiya
Baş hakim: 
Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod, “Nijni Novqorod” stadionu

Nigeriya – İslandiya

1. Xorvatiya 1 1 0 0 2:0 3  
2. İslandiya 1 0 1 0 1:1 1  
3. Argentina 1 0 1 0 1:1 1  
4. Nigeriya 1 0 0 1 1:2 0