Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ► …Biz indi o ərazilərdən keçirik ki, 1992-ci ilin iyul-avqust aylarında bu torpaqlar uğrunda amansız müharibə gedirdi.

Yol boyunca sağımızda və solumuzda dağılmış, xarabalığa çevrilmiş evlər gözə dəyir. Sanki “lələ köçüb, yurdu qalıb”. Məlum olur ki, həmin illərdə müharibəyə görə insanlar əraziləri tərk etməli olublar.

► Başkənd necə Arsvaşen oldu?

Di gəl ki, o evləri bərpa edib yaşamağa gözəl şərait, iqlim var. Ancaq heyf ki, ərazilər istifadəsiz qalıb.

Postu keçdikdən sonra qarşımızda böyük göl açılır. Bələdçimiz deyir ki, bura Başkənd gölüdür.

Bəli, yanılmadınız, 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordunun keçirdiyi əməliyyat nəticəsində ermənilərdən azad edilən Gədəbəyin Başkəndindəyik.

Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən Ermənistana verilib və 1992-ci ilə qədər Gədəbəyin içərisinə doğru erməni anklavı kimi qalıb.

Ermənilər Başkənd adını dəyişərək qəsəbəni Arsvaşen adlandırıblar. Onların Başkəndə gəlişi XIX əsrin ortalarında başlayıb. Ermənilər burada yerli bəylərin mal-qarasını otarırdılar.

İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən salıblar, 1905-1906-cı illər, 1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxarıblar.

Nəhayət, 1992-ci ilin avqustunda torpaqlar ermənilərdən azad olunur və Başkəndin adı qaytarılır.

► Rusiya bazarlarına aparılıb

Adı qaytarılsa da, Gədəbəyin məmurları bu kənddən əl çəkmirlər. Öyrənirik ki, 2010-cu ilə qədər balıqdan bol olan göl 8 ilə yaxındır qıtlıq yaşayır.

Buna səbəb rayonun keçmiş icra başçısı Kamran Rzazadənin gölü qurutduraraq, üç tondan çox balığı Azərbaycanın müxtəlif bölgələrində, eləcə də, Rusiya bazarlarında satdırmasıdır.

Göl qırağında tilov atıb balıq ovlamağa ümid edən tək-tük balıqçılar deyirlər ki, K.Rzazadədən sonra heç bir tədbir görülməyib.

keçmiş icra başçısı etdiyi qanun pozuntusunu 2010-cu ildə baş verən Kür daşqınları ilə ört-basdır etməyə çalışıb. Dolayısı yolla buna nail olub.

Hətta bununla bağlı yuxarı dairələrə də məlumat verib. Prezident Administrasiyasını bu məsələdə inandıra bilib.

Qanunları tapdalayan K.Rzazadə gölün ətrafına çəpər çəkdirərək, bir aya yaxın insanların burada istirahət etmələrinə imkan verməyib. Gölün ətrafına heç kəsi buraxdırmayıb.

Sonralar məlum olub ki, sabiq icra başçısının bu addımı atmasına səbəb etdiyi qanun pozuntusunun üstünün açılacağından ehtiyatlanması olub.

Ancaq o zaman Gədəbəydən deputat olan Nazim Məmmədovun işə qarışmasından sonra çəpər götürülüb.