Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ►  “Bu qızın uzunluğuna bax da…”- 60-65 yaşlarında bir qadın Bilgəh çimərliyinin ləpədöyənində dayanıb, əllərini belinə qoyub, yanındakı yaşıdı ilə qeybətləşir.

O, dənizə təzəcə girməyə hazırlaşan hündürboy, qamətli, gözündə qara eynək olan və cazibədarlığı ilə çoxlarının diqqətini çəkən bir qıza baxaraq guya boyuna rişxənd edir.

Əslində, 60-65 yaşlarında olan o xalanın həmin qızın paxıllığını çəkdiyi kor-kor, gör-gpr göz qabağındaydı. Sonra yaşıdı ilə suya girərək ətrafdakıları seyr edir, hərənin bir “eybini” qeybət edirdilər.

Bu bazar Bilgəh çimərliyinə mövsümün siftəsini etməyə getmişdik. Və Bilgəh sanatoriyasının aşağında yerləşən plyajda ilk diqqətimi çəkən o qadınların qeybəti oldu.

Bizim bu çimərliyi seçməyimizin səbəbi ucuzluğuna görəydi. Çünki qabaqlar başımıza gəlib: bir çətir və stol-stula görə 10-15 manat alıblar.

Hələ ənənəvi olaraq bunun çay, su, qarğıdalı, təndir çörəyi, gəlib-getmək üçün yanacaq xərclərini də əlavə etsək 1-2 saatlıq dəniz keyfi aşağısı 25-30 manata başa gəlirdi.

Bilgəh çimərliyində isə çətir altına qoyulan stol-stulun qiyməti saatı 2 manatdan başlayır. Belə desək, 3 manat verirsən və səni azı 2-3 saat narahat edən olmur.

Halbuki, Pirşağı, Novxanı, Şıx, xüsusən də Mərdəkan və “QRES” ərazisinə yaxınlaşmaq mümkün deyil, oturacağın qiyməti bu istidə “cib yandırır”.

Məsələn, “QRES” ərazisində “besetka”lar 10-15 manatdan aşağlı tapmazsınız. Ancaq Bilgəhdə 2-3 manat ver və ürəyin istədiyin qədər dincəl.

Çay 2 manat, pivə 1 manat, zavod çörəyi 1, təndir 2 manat, litrlik adi su 1 manat 50 qəpik, qarğıdalı 1 manatdır. Bu sadaladıqlarımızı isə mütləq şəkildə ordan almağa ehtiyac yoxdur.

İstənilən marketdən su, çörək və s. al, evdən termosda çay götür və cəmi 2-3 manat ödəməklə istirahət et!

Onu da deyək ki, Bakı çimərliklərinə axın başlayıb. Son 2-3 gün ərzində havanın istiləşməsi çimərlik mövsümünü qızışdırıb.

Çimərliklərdə xilasedicilər, təcili tibbi yardım maşını daim xidməti başındadır, dənizdə də motorlu qayıqlar və katerlər suda boğulan axtarışındadır, dərinə üzənlərə dərhal xəbərdarlqı edirlər.