Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib. AzEuroNews xəbər verir ki,bu barədə azvision.az-a Komissiyanın sədri Ağacan Abıyev məlumat verib. O, bildirib ki, iclasda Milli Məclisin iyunun 24-də keçirilən son növbədənkənar sessiyasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

İclasda deputat Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib.

Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. Bundan sonra deputatla spiker arasında mübahisə düşüb.