Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi

 

Yunis/AzEuroNews.com/Bakı ► ► ►  “Sosial şəbəkələrdə Hacı Nuranın xəstəxanadan şəkillərini gördüm. Uca Allah tək ona yox, əgər mənə nifrət edənlər içində xəstə olanları varsa onlara da şəfa versin.

Bütün instagram onunla şəkil çəkdirən tanınmış simalarla doludur. Bir xərçəng xəstəsinə olan bu diqqəti, əgər səmimi olsa, çox yüksək qiymətləndirirəm.

Amma o şəkil çəkdirənlərdən xahiş edərdim ki, bir dəfə də Milli Onkologiya Mərkəzinin sıravi vətəndaşlar olan hissəsinə baş çəksinlər, oradan da şəkillər paylaşsınlar, gördüklərinə obyektiv münasibət bildirsinlər”.

► “MOM-a gəlin, rüşvəti görün…”

AzEuroNews.com xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, sizin dəstəyinizə kasıb xərçəng xəstələrindən fərqli olaraq Hacı Nuranın heç ehtiyacı da yoxdur: “Hakim ailə özü onu dəstəkləyir və lazım olanı ən yüksək səviyyədə edir.

Siz isə sadəcə onu yorursunuz. Gəlin, heç olmasa bir azacıq səmimi olaq. Yox, bu addım əgər öz piarınız üçündürsə, bazarınız uğurlu olsun”.

Aslan İsmayılov
Aslan İsmayılov

A.İsmayılov MOM-dəki dəhşətli vəziyyət haqda ilk dəfə yazmır. Hüquqşünas dəfələrlə onkoloji mərkəzdə xəstələrinn yaxınlarının başına açılan oyunları gündəmə gətirib.

Əfsuslar olsun ki, onun çəkdiyi videolara və real faktlara ayrı-ayrı xəbər portallarında cavab verməklə kifayətləniblər. Hələ də MOM-də onkoloji xəstələrin yaxınları soyulur.

Bu barədə A.İsmayılovun yazdığı ayrı-ayrı statusların altındakı şərhlərdən görmək olar.

► “Bu sistemi quranların başına gəlsin”

Məsələn, Səbuhi Hüseynov yazır: “6 il əvvəl şahidi olmuşam. Elə murdarlar var ki…bütün xərclər həkimə yox, kassaya ödənilirdi”.

Ruslan Əfəndi yazır: “Leukeran qan xərçnəgində xlorombusil pereparatlardandir. Pulsuz verilməlidir, 25 manata satılır”.

Rada Əliyeva: “MRT üçün 110 manat yerinə 55 manat verdim, nazirliyin işçisi olduğumu dedim, az qala məni güllələsinlər”.

Dəyanət Sabir Ağayev: “Qohumum Fərəcova Leyla Baba qızı Mərkəzi Onkoloji Mərkəzdə pullu müayinə edildi və 600 manat çıxdı.

Pulu çatmadığına görə əvəvlə Gəncədə, sonra ev şəraitində müalicə edildi, axırda dünyasını dəyişdi. Bu faciəni bu sistemi quranların da başına gəlməsini arzulayıram”.

Və saysız-hesabsız belə şikayətlər, məlumatlar şərhlərdə yer alıb. Onlar bu səhiyyə ocağındakı dəhşətlərdən söz açıblar. Amma indiyə qədər heç nə dəyişməyib.

► Deputatın şirkətinin MOM-la biznesi

KİV-də yayılan xəbərlərə görə, bu il Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” MMC ilə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb.

Deputat Kamaləddin Qafarov
Deputat Kamaləddin Qafarov

Şirkət bu müalicə mərkəzinin direktor müavini, həmçinin parlamentin deputatı olan Kamaləddin Qafarova məxsusdur.

Dövlət satınalmalar reyestrinə əsasən, yanvar və mayda “Azəri Med” MMC MOM-dən ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə imzalayıb.

Şirkət avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb.

“Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat).

Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirirdi.

Satınalmalar üzrə dövlət portalında 2017-2018-ci illərdə bununla bağlı tenderlərin elan edilməsinə dair məlumat yoxdur. “Azəri Med” MMC (VÖEN 1500072561) 2004-cü ildə təsis edilib.

Müstəqil qiymətləndirmələrə görə, şirkət Azərbaycana dərman preparatları və tibbi avadanlıq idxal edən şirkətlərin ilk onluğuna daxildir.

Kamaləddin Qafarov “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir. Daha iki şirkət (“Cardinal Health” və “Ruslan-Az”) ləğv edilmə mərhələsindədir.