Avropa Şurası Parlament Assambleyası (AŞ PA) uşaqların ali maraqları ilə ailələrin bütövlüyünün təmin edilməsi ehtiyacı arasında balansın təmin edilməsi üzrə qətnamə qəbul edib.

“Report”un Qərbi Avropa bürosunun məlumatına görə, Assambleya BMT-nin Uşaq hüquqları Konvensiyasının tələblərinə uyğun olaraq, uşaqlara dair hər hansı bir qərarın qəbul edilməsi zamanı uşaqların ali maraqlarının nəzərə alınmasının vacibliyini tanımaqda davam etdiyi bildirir.

Lakin bununla belə, üzv ölkələri uşaqların ailələrinin əlindən alınması zamanı vəziyyəti daha ətraflı təhlil etməyə, bu məsələyə daha ciddi yanaşmağa dəvət edir və onlara bu sahədə bir sıra tövsiyələr ünvanlayır.

Qətnamənin müzakirəsi zamanı bildirilib ki, beynəlxalq və Avropa qanunlarının mövcudluğuna baxmayaraq, uşaqların ailələrindən alınması, ailələrdə yerləşdirilməsi və övladlığa verilmə zamanı mövcud qanunlar Avropa Şurasına üzv ölkələr tərəfindən eyni tərzdə həyata keçirilmir. Bəzi hallarda isə qanunlarla onların tətbiq edilməsi zamanı böyük fərqlərin olduğu müşahidə edilib.

Assambleyaya üzv dövlətlərə uşaqların ailələrin əlindən alınmasının qarşısının alınması və ailələrin tez bir zamanda bir araya gəlməsinin təmin edilməsi məqsədilə, onlara dəstəyin lazımi vaxtda, yubanmadan göstərilməsini tövsiyə edir.