İspaniyanın “Real” klubunun (Madrid) hücumçusu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubuna (Turin) keçə bilər.

“Report” xəbər verir ki, Ronaldunun İtaliya klubuna keçidi portuqaliyalının agenti Jorje Mendeşin 11 illik düşmənçilikdən sonra “Yuventus” rəhbərliyi ilə barışması sayəsində mümkün ola bilər.

O, bu həftə müdafiəçi Joau Kanselunun “Valensiya”dan “Qoca sinyora”ya keçidini təşkil edib.

İtaliya klubunun əsas transfer hədəfi “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Roma klubu onun keçidinə görə 120 mln. avro tələb edir. “Yuventus” serbiyalı futbolçunun transferindən imtina edə və həmin pulları Ronaldunun keçidinə sərf edə bilər.

KİV-in məlumatına görə, “Real” Ronaldu ilə müqavilədə dəbbə pulunu 1 milyard avrodan 120 mln. avroya endirib.