Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ► Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə son günlərdə baş verən hadisələrlə bağlı söhbətləşmişik.

ADP lideri AzEuroNews.com-a müsahibəsində enerji fəlakəti, Gəncənin icra başçısına sui-qəsd və “Alov qüllələri”nin bir anlıq erməni bayrağına bürünməsi haqda sualları cavablandırıb:

–  Sərdar bəy, son 2 gündə respublikada işıqların sönməsi idarəçilikdəki problemdən qaynaqlanır yoxsa təxribat ehtimalı var?

– Azərbaycanda enerji mənbələri sovet dövründən qalıb. Son 30 ildə heç bir yenidənqurma işləri aparılmayıb, struktur dəyişiklikləri həyata keçirilməyib.

Nəticədə Mingəçevir SES sıradan çıxıb. Ona görə də burada təxribatdan söhbət gedə bilməz. Sadəcə, ölkədə nəhəng korrupsiya mühiti var.

Dövlətin enerji mənbələrinin yerləşdirilməsi ilə əlaqədar ayırdığı vəsaitlər hava uçurulur. Odur ki, son günlər anomal istilər keçir, əhalinin enerjidən istifadəsi artıb.

Görünür ki, sovetdən qalmış və yenilənməmiş köhnəlmiş avadanlıqlar buna tab gətirmir, partlayır. “Azərenerji”yə ayrılan 1 milyard vəsaitin hara getdiyi soruşulmalıdır.

–  Alternativ enerji mənbələrinin olmaması Mingəçevir SES-i vurmaqla hədələyən Ermənistana divident gətirirmi?

– Azərbaycan Mingəçevir SES-dən asılı qala bilməz. Hökumət alternativ enerji mənbələri yaratmalıdır. Bu, qışda yeni problemlərə yol aça bilər.

İlk növbədə yenidənqurma lazımdır. İndi dünya müasirləşib, yeni texnologiyalar var, təzə qurğular lazımdır.

Təəssüf ki, Azərbaycan küləkdən enerji, günəş batareyalarından enerji almaq sahəsini  inkişaf etdirməkdə çox gecikib. Buna zamanında korrupsiya imkan vermədi.

Mən Kanadada olmuşam. Orada külək elektrik stansiyalarını dənizin içində dayazda tikiblər. Yəni, fikirləşiblər ki, torpağa da zərər etməsin.

Baxırsan ki, gözəl meşədir və stansiya tikilib. Kanada əsasən enerjini küləkdən əldə edir. Eyni zamanda Almaniyada külək enerjisi alırlar.

Bizdə bu şərait var ki, korrupsiyanı aradan qaldıraq, beynəlxalq şirkətləri Azərbaycana cəlb edək və onlar bu işləri reallaşdırsınlar.

–  Ötən gün də ölkədə işıq olmayan saatlarda Gəncənin icra başçısı Elmar Vəliyevin güllələndiyi xəbəri yayıldı. Sizcə, Mingəçevir SES-də blokun partlaması ilə Gəncədə sui-qəsd arasında təxribat xarakterli uzlaşma varmı?

– Əvvəla, mən bu sui-qəsd hadisəsini pisləyirəm. Amma bir təxribat olduğunu düşünmürəm. Çünki hakimiyyətdə daha yüksək post tutan şəxsə qarşı sui-qəsd olsaydı, təxribat ehtimalı irəli sürmək olardı.

Amma Elmar Vəliyevin nə böyük vəzifəsi var ki, təxribat ssenarisi olsun?! Məlumdur ki, məmurlar yerlərdə vətəndaşları incidirlər, sıxışdırırlar, onlara “divan tutur”lar.

Mətbuatda hər gün Göyçay, Ucar, Beyləqan və s. bölgələrdən icra hakimləri haqda məlumatlar görmək olar. Sadəcə, istintaq müəyyən edəcək ki, bu sui-qəsd şəxsi motivdir yoxsa nədir…

– Amma icra başçısını güllələyən şəxs vaxtilə polisi döyüb, ölkədən qaçıb, axtarışa verilib. Rusiya vətəndaşı da olması bir mesaj deyilmi?

–  Yenə deyirəm ki, Elmar Vəliyev elə böyük status sahibi deyil ki, uzağa gedən nəticələr olsun. Ona qarşı sui-qəsdlə Azərbaycanda siyasi stabilliyi poza bilməzlər.

Biz gözləməliyik ki, prokurorluq aydınlıq gətirsin və səbəbləri aydın olanda qiymət verə bilərik.

–  Və işıqlar sönən axşam “Alov qüllələri”ndə bayrağın rəngi Ermənistan bayrağı olur. Rəsmi açıqlamada texniki xəta ilə şərh ediblər, rənglər qarışıbmış. Sizcə bu da təxribat deyil?

–  Hə, bu təxribat ola bilər. Bəlkə də montajdır. Amma montajdırsa da, əsl təxribatdır. Heç bir halda rənglər qarışa bilməz. Bu, düşünülmüş şəkildə həyata keçirilib.

Ermənistan bayrağı ilə Azərbaycan bayrağı arasında oxşarlıq yoxdur ki, rənglər qarışsın. Üstəlik, bayrağımızda ay-ulduz var. Görünür ki, təxribata əl atılıb.

–  Ordu günü keçirilən paraddan sonra bir cavabdırmı?  

– Bəli, icra başçısına sui-qəsddən daha çox, “Alov qüllələri” təxribatdır. Bu ona oxşayır ki, Təhsil Nazirliyinin buraxdığı dərslikdə “Böyük Ermənistan” tarixindən bəhs olunmuşdu, yaxud Nizami Gəncəvi böyük farsa şairi kimi təqdim olunmuşdu.

Ona görə də “Alov qüllələri” ilə bağlı prokurorluq cinayət işi qaldırmalıdır, işıqlandırma sisteminə baxanlar məsuliyyətə cəlb olunmalıdır, araşdırımalıdır.

–  Sizcə bu təxribat daxildəndir yoxsa sərhəddən kənarda hansısa qüvvənin işidir?

Məncə, bu təxribatlar daxildəndir. Hökumət deyir ki, biz quş uçanda da xəbərimiz olur. Amma Ermənistan bayrağının ən böyük turizm məkanımızda görünməsi Azərbaycanın namusuna sataşmaq deməkdir.

İşıqlar sönən kimi bu təxribatın olması dövlətə, xalqa meydan oxumaqdır. Mən bu məsələdə iqtidar daxilində ruspərəst qüvvələrin iştirakını, əlini görürəm.

Bu provokasiya hakimiyyətdə müəyyən qüvvələrin dəstəyi ilə baş tutan hadisədir. Sən deyirsən ki, Xankəndində üçrəngli bayrağımızı qaldıracam. Sənin paytaxtında düşmən öz bayrağını qaldırır və təxribat həyata keçirilir.

Ona görə də həmin adamlar cəzalandırılmalıdır, işıqlandırma sistemində olan mühəndislər, ən kiçik işçilər dindirilməlidir.

Ümumiyyətlə, ölkədə ruslaşdırma siyasəti aparılır. Rus məktəbləri Azərbaycan məktəblərinin sayı ilə az qala eynidir.

Təhsil Nazirliyindən soruşmaq lazımdır ki, dövlət dili Azərbaycandırsa, niyə rus məktəbləri fəaliyyət göstərir? Bu ruspərəst siyasət Azərbaycana qarşı təxribatdır.