Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Gəncə şəhər icra hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyev Almaniyaya aparılıb.  AzEuroNews.com-un məlumatına görə, icra başçısı hazırda Almaniyanın məşhur özəl xəstəxanalarından birində müalicə alır. Əldə etdiyimiz məlumatda deyilir ki, icra başçısı Almaniyaya Türkiyədəki “Medicalpark” xəstəxanasının təyinatı ilə göndərilib. E.Vəliyev burada iyulun sonuna qədər müalicə alacaq. Səhhəti tam düzələndən sonra o, Azərbaycana qayıdacaq.

Məlumat üçün qeyd edək ki, ötən gün Elmar Vəliyevin İsrailə aparıldığı xəbəri yayılmışdı. Lakin, sonradan bu xəbərin həqiqət olmadığı üzə çıxdı. Elmar Vəliyevin qardaşı, hərbi prokuror Xanlar Vəliyev isə, onun İsraildə olmamasını söylədi: “Sösüz ki, bu ölkə prezidentinin də diqqəti, qayğısıdır. Hər kəs Allahı ilə işini görsün. Elmar Vəliyevə heç kim şəxsi məsələlərə görə qəsd eləməyib. Gəncəlilər hər zaman onu sevib, bu gün də sevir”.

Xatırladaq ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.