Fərhad Çağtürk / AzEuroNews.com ► ► ►   Gəncənin deputatı Naqif Həmzəyev icra başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı videomüraciət yayıb. AzEuroNews.com-un məlumtına görə, videomüraciətdə N.Hamzəyev deyib ki,  icra başçısına qarşı sui-qəsd bir terror hadisəsidir: “Bu hadisəni tördətməkdə bizi istəməyən qüvvələrin bir məqsədi var: Azərbaycandakı stabilliyi pozmaq, Azərbaycanda xaos yaratmaq. Bizlər Şah İsmayıl Xətainin, Cavad Xanın nəvələriyik. Biz gəncəlilər həmişə Azərbaycanın inkişafını istəmişik. Həmişə ulu öndərimiz Heydər Əliyevin yolu ilə getmişik”.

N.Həmzəyev daha sonra qeyd edir ki, hər kəs bu terroru, Azərbaycanda stabilliyi pozmaq istəyən qüvvələrin yaydığı statusları, videoları, mesajları lənətləməlidir: “Gəlin birlikdə Azərbaycanı istəməyən qüvvələrə yox deyək. Biz terrora yox deyirik”.

Xatırladaq ki, 3 iyul, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov tutularaq, tərksilah edilib.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə prezidentinin şəxsi nəzarətindədir.