“Əziz Amerika, müttəfiqlərini qiymətləndirməyi bacar, onsuz da onların sayı azdır.”
AzVision.az bildirir ki, bu sözləri Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk NATOilə Aİ arasında əməkdaşlığa dair bəyannaməni imzaladıqdan sonra deyib.

Tusk qarşıdan gələn sammit öncəsi ABŞ prezidenti Donald Trampı alyansın büdcəsinə keçirdikləri pulun məbləğinə görə NATO-dakı müttəfiqlərini danlamağa son qoymağa çağırıb.

Tusk daha sonra “Tvitter” hesabında yazıb: “Əziz Donald Tramp, ABŞ-ın Aİ-dan yaxşı müttəfiqi yoxdur və olmayacaq da. Biz müdafiə məsələlərinə Çin qədər və Rusiyadan daha çox xərcləyirik. Ümid edirəm ki, bu investisiyaları öz təhlükəsizliyimizə yatırdığımıza şübhəniz yoxdur. Rusiya və Çinin xərclərilə bağlı isə əminliklə eyni şeyi deyə bilmərəm”.

Qeyd edək ki, sabahdan Brüsseldə NATO-nun sammiti öz işinə başlayacaq. Sammit öncəsi Tramp bəyan edib ki, ABŞ Avropanı müdafiə etmək üçün onların istənilən dövlətindən daha çox pul xərcləyir. Bu isə amerikalı vergi ödəyicilərinə qarşı ədalətsilikdir.