İtaliyanın “Yuventus” klubu yeni transferi Kriştianu Ronaldunun hər dəqiqədə bir futbolkasını satır.

“Report”un “Tutto Juve”yə istinadən verdiyi məlumata görə, tələblərin xeyli çox olması üzündən klubun internet-maqazini işini dayandırıb. “Yuventus” atributlarının rəsmi satış nöqtələrində isə növbələr çoxalıb. Bir futbolkanın qiyməti orta hesabla 100 avrodur. Klub ən azı 1 milyon forma satmaq niyyətindədir.

Qeyd edək ki, Kriştianu Ronaldunun İspaniya “Real Madrid”indən “Yuventus”a transferi iyulun 10-da açıqlanıb. Transfer məbləği 100 milyon avro olub. Bu vəsaiti “Yuve” 3 il ərzində ödəməlidir. Oyunçunun illik əmək haqqı isə 30 milyon avrodur.