AzEuroNews.com ► ► ► Prezident İlham Əliyev son müşavirədə növbəti dəfə icra hakimlərinə barmaq silkələdi. Dövlət başçısı hiss olunurdu ki, konkret məlumatlara əsaslanaraq çıxış edir.

AzEuroNews.com yazır ki, söhbət səkiləri, dayanacaqları satan icra başçılarından gedir.

İ.Əliyev qeyd-şərtsiz olaraq bölgələrin yox, Bakının rayonlarının icra hakimlərinə xəbərdarlıq edirdi.

“Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır”.

O qeyd etdi ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar:

“Dayanacağın yerində binalar tikirlər. Məndə o şəkillər var. Rayon icra hakimiyyətləri dayanacağın yerini zəbt edir, hasarlayır, o yeri satır və demək olar ki, şəhər nəqliyyatını iflic vəziyyətə salırlar.

Biz insanların saatlarla tıxaclarda əziyyət çəkdikləri böyük meqapolislərin vəziyyətinə düşmək istəmirik. Biz burada yeni damarlar, yeni yollar açırıq.

Amma hansısa yaramaz bir məmur pul naminə o yeri satır, orada da qanunsuz bina tikirlər. Sonra da dövlət həmin binanın sökülməsi üçün böyük vəsait, kompensasiya verməlidir ki, qanunsuz tikən oradan çıxsın və yol açılsın”.

Prezidentin ad çəkmədən icra hakimiyyəti başçılarına yönəlik sərt mesajlarının ardınca kiçik bir araşdırma aparmışıq.

Məlum olur ki, İ.Əliyevin qəzəbinə tuş gələn icra başçıları əsasən Nəsimi, Xətai, Binəqədi İH rəhbərləri olub.

 Xaləddin İsgəndərov
Xaləddin İsgəndərov

Binəqədinin sabiq başçısı Xaləddin İsgəndərov Rəsulzadə qəsəbəsinə gedən yolda dayanacağı satıb və market tikilir.

Nəsimi rayon icra başçısı Asif Əsgərovun satmadığı səkilər, yaşıllıqlar, binaların həyətləri qalmayıb. Onlarla belə foto və video fakt mediada var.

Nəsiminin icra başçısı Asif Əsgərov
Asif Əsgərov

Eyni zamanda Xətainin amansız bir icra başçısı var və Razim Məmmədov rayonun bütün ağaclarını, meşəliklərini, küçələrini, dayanacaqlarını, məhəllələreini, boş gördüyü bütün əraziləri qarış-qarış sataraq milyonçuya çevrilib.

Razim Məmmədov
Razim Məmmədov

Ondan geri qalmayan Nizami icra başçısı Arif Qasımov, Qaradağ icra başçısı Süleyman Mikayılov, Suraxanı icra başçısı İlqar Abbasov və Sabunçu şefi Adi Vəliyev də səkiləri, yaşıllıqları məhv ediblər.

Amma xüsusi olaraq Nəsimi və Xətai icra başçılarını qeyd etmək lazımdır. Prezidentin mərkəzi ünvanlarda qarşılaşdığı və ona məlumat verilən qanunsuzluqlar əsasən bu əraziləri əhatə edir.

Arif Qasımov
Arif Qasımov

Dəfələrlə mətbuat səhifələrində A.Əsgərovun, R.Məmmədovun, həmçinin Yasamal, Xəzər, Səbail, Nərimanov rayonlarında yaşıllıqlara “divan tutulması”, səkilərin, piyada keçidlərinin, parkların satılması haqda faktlar yer alıb.

Mətbuatın ictmai nəzarətinə baxmayaraq, icra başçıları qanunları tapdalayaraq, istədikləri əraziləri zəbt edirlər, satırlar.

Bu özbaşınalıqların genişlənməsində və şərait yaradılmasında Bakı əhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun da illərlə misilsiz xidmətləri olub.

Bundan sonra Nəsimi, Xətai, Nizami və Binəqədi rayonlarında daha sərt tədbirlər görüləcəyi gözlənilir.

İ.Əliyevin şəhərdəki tıxaclardan, xüsusən də Bakı-Sumqayıt yolunda yaşananlardan möhkəm hirsləndiyi deyilir.

Qeyd edək ki, bu ilin payızında formalaşdırılacağı nəzərdə tutulan böyük paytaxt bələdiyyəsi şəhər təsərrüfatının idarə olunması sahəsində əsas qurum funksiyası daşıyacaq.

Bakıda tikintilərə icazələrin verilməsi, ərazilərin ayrılması, yaşıllaşdırma, abadlıq işləri bilavasitə bələdiyyənin səlahiyyətində olacaq.

Bununla da paytaxtda tikinti sahəsində mövcud olan korrupsiya hallarının qarşısının alınması nəzərdə tutulur.

Verilən məlumata görə, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Dəyişikliklərin Milli Məclisin payız sessiyası başlayan kimi qəbul olunması və ilin sonunadək seçkilərin keçirilməsi planlaşdırılır.