Samsung Galaxy Note 9 flaqman modelinin rəsmi təqdimatı 9 Avqust tarixində baş tutacaq. Bununla belə sözügedən smartfon barəsində demək olar ki, hər şey məlumdur. Üstəlik smartfonun əks olunduğu poster də internetdə yayıldı. Beləliklə Galaxy Note 9 xarici görünüşcə Galaxy Note 8-ə bənzəyəcək. Əsas fərqlilik isə yeni prosessor, barmaq izi skanının arxa panelin mərkəzində yerləşməsi, böyük həcmli batareya və yenilənmiş S Penstilusu olacaq.

Yayılmış rəsmi posterdə biz üfüqi şəkildə yerləşdirilmiş ikili arxa kamera və onun aşağı hissəsində yerləşən barmaq izi skanı texnologiyasını görə bilərik. Həmçinin posterdə qızılı rəngdə olan yenilənmiş S Pen stilusu da əks olunub. Bununla yanaşı Polşanın saytlarından biri Samsung şirkətinin əməkdaşından smartfonun hansı qiymətə satılacağını öyrənib. Beləliklə Polşada 6 GB RAM və 128 GB daxili yaddaşa sahib olacaq Galaxy Note 9 1158$ qiymətinə satılacaq. Qeyd etmək lazımdır ki, məhz bu cür qiymət göstəricisi ilə Galaxy Note 8 də Polşada satılırdı. Güman olunur ki, smartfonun satışlarına 24 Avqust tarixindən start veriləcək.