AzEuroNews.com/Bakı ► ► ► Gəncənin icra başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərdiyi iddia edilən Tohid İbrahimbəylinin feysbuk səhifəsini tapmışıq.

Səhifəyə keçmək üçün şəkilə kliklə
Səhifəyə keçmək üçün şəkilə kliklə

AzEuroNews.com xəbər verir ki, Tohidin səhifəsində paylaşılan videoda E.Vəliyevlə Gəncənin o dövrkü polis rəisi Rasim Musayevin birgə fotosu süjetdə keçir və arxa fonda İsrailin baş naziri Netanyahu görünür.

Həmin video çarxda Yunis Səfərov da göstərilir və hüseynçiliyin vüqarımız olduğu haqda  bir mərsiyə səsləndirilir.

Həmçinin ilahiyyatçı alim Orxan Məmmədovun Ar-rad TV-yə müsahibəsi səhifədə yerləşdirilib və Y.Səfərovun əməlinin alqışlanması fikirləri yer alır.

Habelə, T.İbrahimbəylinin Taleh Bağırzadə haqda müsbət fikirləri paylaşılıb. O, çıxışlarının birində qeyd edir ki, Azərbaycanda baş verən xoşagəlməz hadisələr, Qarabağın işğalı, milli və mənəvi sərvətimizin talanı, Məhərrəmlik və İmam Hüseyn (ə) məktəbinə qarşı olan ciddi təzyiqlər, cinsi fəsadın tuğyanı, spirtli içkilərin, narkotik maddələrin ciddi şəkildə yayılması, azan səsinin qadağası, hicab qadağası, məscidlərin dağılması və məscid ərazisinin işğal planı, homoseksualların cəmiyyətdə ülgü kimi təqdim olunması və bütün bu kimi fitnəli planlar vahid bir mərkəzdən diktə ve idarə olunur:

“İşğalçı erməni, xəyanətkar məmur və hakim dairələrinin hamısı bu oyunun cılız fiqurlarıdır. Azərbaycan da olmaqla, bütün İslam dünyasının əsas düşməni isə İsrail və Amerikadır”.

Göründüyü kimi, Y.Səfərovun əməllərini birbaşa müdafiə edən və sosial şəbəkədə səhifə açaraq təbliğatla məşğul olan, ətrafına tərəfdarlar toplayan Tohidin fəaliyyəti göz qabağında olub. Amma virtualda geniş meydan aşan bu şəxsin gördüyü işlər təftiş edilməyib.

Yada salaq ki, Tohid 2011-ci ildə Qüds günündə İsrail səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında polis tərəfindən saxlanılmışdı. Məhkəmənin qərarı ilə ona 7 sutka həbs verilmişdi.

APA-nın əldə etdiyi məlumata görə, T. İbrahimbəyli 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Qum və Məşhəd şəhərində dini təhsil alan 14 nəfərə Suriya ərazisində İŞİD ilə mübarizə üçün azərbaycanlı tələbələrdən ibarət “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstə yaratmaq niyyətində olduğunu bildirib.

İbrahimbəyli həmin 14 tələbəni əvvəlcə Qum şəhərində İsgəndər Hüseynovun iş yerində (“Nur” Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb.

Dəməşq şəhərində olarkən T. İbrahimbəyli onları təkcə İŞİD ilə mübarizəyə deyil, həm də Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, T. İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib.

Həmin şəhərdə 20 gün qaldıqdan sonra T.İbrahimbəlyinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T.İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib.

Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb.

Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və T. İbrahimbəyli tərəfindən təhqir edilib. E. Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər.

Xatırladaq ki, bundan əvvəl APA-nın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib.

İstintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib.

Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.