Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanda xizək mərkəzi açır. AzEuroNews.com xəbər verir ki,  Ali Məclisinin sədri ötən gün “Ağbulaq xizək mərkəzi”nin açlışı üçün Şahbuz rayonuna gedib.

Kompleks Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq tikilməyə başlayıb.

Vasif Talıbov mərkəzin layihəsinə baxıb. Məlumat verilib ki, mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaq. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaq. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaq ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcək. Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyr xətləri yaradılacaq. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulacaq. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılacaq, xidmət sahələri istifadəyə veriləcək. Tikinti işləri dağ-xizək mərkəzlərinin yaradılması sahəsində böyük iş təcrübəsi olan Fransanın “MND” şirkətinin layihəsi əsasında həyata keçiriləcək. Şirkətin mühəndisi Xavier Goya deyib ki, dağ xizəkçiliyinin inkişafı üçün təbii şərait mühüm amildir. Ərazinin relyefi və iqlim xüsusiyyətləri bunun üçün geniş imkanlar açır. Layihələndirmə işləri aparılarkən bu amil əsas götürülüb. Şirkət 35 ildir dünyanın bir çox ölkəsində dağ-xizək mərkəzlərinin yaradılması layihəsini həyata keçirir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya beton qarışığını bünövrəyə tökərək mərkəzin təməlini qoyublar.


Məqalədə Nuhçıxan İnformasiya Agentliyinin məlumatı və fotolarından istifadə edilib.