AzEuroNews.com ► ► ► Paytaxtın ictimai nəqliyyatında əsas sərnişin daşıyıcılarından olan “Xaliq Faiqoğlu” MMC-yə məxsus 199 saylı maşrut xəttində gediş haqqının qiyməti 20 qəpikdən 25 qəpiyə keçib.

AzEuroNews.com xəbər verir ki, daha doğrusu Tarif Şurasının qərarı ilə artıq neçə ildir 199 saylı marşrut xətti üzrə gediş haqqı 25 qəpik olaraq müəyyənləşib.

Sadəcə, sərnişinləri çaşdıran bu günə qədər 199 saylı marşrutda onlardan 20 qəpik alınmasıdır. Amma bir müddətdir ki, 25 qəpik istənilir.

Bunu isə belə izah edirlər ki, sözügedən avtobuslarda kart sistemi tətbiq olunmadığı üçün sərnişinlərə 5 qəpik güzəşt olunurmuş.

İndisə kart sisteminə keçid edilib və Tarif Şurasının gizli şəkildə müəyyənləşdirdiyi gediş haqqı qüvvəyə minib.

Vətəndaşlara xəbərdarlıq etmədən marşrut xəttində gediş haqlarına dəyişiklik edilməsi metronun “20 Yanvar” stansiyasından Xırdalana işləyən 199 saylı avtobuslarda narazılığa, sürücülərlə sərnişinləri üzbəüz qoymağa gətirib çıxarıb.

Sərnişinlər şikayətlənirlər ki, onlardan əvvəllər 20 qəpik alınırdı və indi 25 qəpik alınırsa, Tarif Şurası ictimaiyyətə açıq məlumat verməlidir.

Hər bir sərnişinin qurumun rəsmi saytına daxil olaraq gediş haqlarının tarifləri ilə tanış olmaq borcu yoxdur.

Bu da gizli şəkildə bahalaşma həyata keçirilməsi kimi qiymətləndirilir və sərnişinləri narazı salan digər məsələ kart sisteminə keçildiyi halda 199 saylı marşrutun hərəkət trayektoriyasında ödəmə terminallarının olmamasıdır.

Bu zaman sürücü kartında balans olmayan sərnişini avtobusdan endirir, pərt edir və anlaşmazlıq yaranır. Xırdalan sakinləri həm də ödəmə terminallarının quraşdırılmasını xahiş edirlər.

Bundan əlavə, Sumqayıtdakı 525, 535 saylı maşurutlarda da analoji vəziyyət yaranıb. Sərnişinlər əvvəl 20 qəpik gediş haqqı verirdisə, indi 25 qəpiyə qaldırılıb.

Şikayət edən sərnişinlərdən biri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “141” çağrı mərkəzi ilə  əlaqə saxlayaraq məsələni aydınlaşdırıb.

Nazirliyin əməkdaşı Tarif Şurasının qərar olduğunu açıqlayıb və Sumqayıtdakı avtobuslarda qiymət artımına isə yerli şəhər icra hakimiyyətinin cavabdehlik daşıdığını söyləyib.

2014-cü ilin sentyabrında Tarif (qiymət) Şurasının 26 aprel 2013-cü il tarixli 1 nömrəli Qərarına dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, bir çox marşrutlarda, o cümlədən, 199 saylı marşrutda 15 km-dən 25 km-dək məsafə üçün gediş haqqı 25 qəpik müəyyənləşib. 199 saylı avtobusun ilk dayanacağı olan Bakı Mühəndislik Universitetindən metronun “20 Yanvar” stansiyasınadək məsafə 12 km.dir. Tarif Şurasının qərarını öz bildiyi şəkildə təqdim etməyə “Xaliq Faiqoğlu” şirkətinə icazəni kim verib? Əgər bu məsələ məntiqi şəkildə düzgündürsə, o zaman niyə Masazır və Xırdalandan “20 Yanvar” və “Memar Əcəmi” stansiyasınadək gələn avtobuslarda gediş haqqı 20 qəpikdir. Qərarda açıq yazılıb, 15 km-dən -25 km-dək gediş haqqı 25 qəpikdir. Bu şirkət media nümayəndələrinin də iştirakı ilə bir monitorinq keçirsin, Bakı Mühəndislik Universitetindən “20 Yanvar”a qədər məsafəni bir daha ölçsün. Əksi ortaya çıxarsa, 25 qəpikdən sərnişin daşımağa davam eləsinlər.