“Facebook”, “Twitter”, “Google” və “Microsoft” şirkətləri “Data Transfer Project” (DTP) layihəsinə başlayıblar.

İKT.lent.az-ın Securitylab.ru saytına istinadən xəbərinə görə, layihə çərçivəsində məlumatlar (fotoşəkil, elektron məktub, kontakt, təqvim) bir servisdən digərinə köçürüləcək.

Layihə mayın 25-də Avropa İttifaqında qüvvəyə minən fərdi məlumatların mühafizəsi qaydalarına (General Data Privacy Regulations – GDPR) uyğun yaradılıb.

Hazırda layihə hazırlanma mərhələsindədir. Məlumatların köçürülməsi üçün istifadəçi “API” açarını (əlavə proqram interfeysi) bilməlidir.

Qeyd edək ki, “GDPR” şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ verilir, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlardan istifadəsi üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunur. Reqlament tələbləri nəzərə alınmadıqda şirkətlər 20 milyon avro və ya illik dövriyyənin dörd faizi məbləğində cərimə oluna bilər.