Bonnda hər il 850 min nəfərin ziyarət etdiyi tarix muzeyində çəkdiklərimiz…

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► 2000 illik tarixi ilə Bonn Almaniyanın ən qədim şəhərlərindən biri sayılır. AzEuroNews.com xəbər verir ki, Bonn tarixi abidələrlə zəngin olmaqla yanaşı müasirliyi də özündə cəmləyib.

Bonn həm də muzeylər şəhəri sayıla bilər. Bu şəhərdə çoxlu sayda muzey yerləşir və onlardan ən məşhuru hər il 850 mindən çox insanın ziyarət etdiyi (Haus der Geschichte)  “Bonn Tarix Muzeyi”dir.

Willy-Brandt-Allee 14 (53113 Bonn) küçəsində yerləşən muzeyə getmək isə olduqca asandır. Hətta Sieqburq və Bonn şəhər mərkəzi istiqamətində gedən metro ilə (U-Bahn) çox rahatlıqla muzeyə gedə bilərsiniz. Ziyarətçilərin rahatlığı üçün Bonn və Königswinter istiqamətində gedən metronun “Heussallee/Museumsmeile” stansiyasında düşüb birbaşa muzeyə daxil ola bilərsiniz. Muzeyə giriş və şəxsi əşyalarınızın saxlanılmas üçün anbar pulsuz təklif olunur.

Muzey 1945-ci ildən indiyə kimi bir çox dəyərli eksponata ev sahibliyi edir. 1986-ci ildə inşasına başlanılan muzey 1994-cü ildə birləşmiş Almaniyanın ilk kansleri olan Helmut Kol tərəfindən açılıb.

Muzeydə İkinci Dünya Müharibəsi və ondan sonrakı illərə aid olduqca qiymətli eksponatlar sərgilənir.

Muzeydə çalışan bələdçilər sizə, almanca və ingiliscə məlumat verirlər. Eyni zamanda muzeydə sərgilənən eksponatlar 1945-ci ildən indiyə kimi xronoloji ardıcıllıqla düzüldüyündən gəzərkən yorulmursunuz. Ən əsası isə, müasir Almaniyanın 73 ilə necə qurulduğunun şahidi olursunuz…