İran Azərbaycanı Ərdəbil əyalətinin Parsabad sərhədyanı şəhəri ilə Azərbaycanın cənubunu birləşdirəcək dəmir yoluna qoşulmağa dəvət edib.

Trend-in məlumatına görə, bu təklif İranın yollar və şəhər inkişafı naziri Abbas Axundinin Tehranda səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü zamanı səsləndirilib.

İranlı nazir bildirib ki, bu layihə Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə oxşardır və iki ölkə arasında nəqliyyat əməkdaşlığının genişlənməsinə kömək edəcək.

Öz növbəsində R.Quluzadə qeyd edib ki, Azərbaycan və İran “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaları tariflərinin azaldılması barədə razılığa gəlib.

Nazir vurğulayıb ki, tranzit və gömrük maneələri aradan qaldırılmalıdır. R.Quluzadənin sözlərinə görə, bununla əlaqədar olaraq tərəflər zəruri sərhədyanı prosedurları sadələşdirməyə razılıq verib.