Ukraynanın Təhlükəsizlik Xidməti  (UTX) ölkə prezidenti Pyotr Poroşenkonun dövlətə xəyanət faktı üzrə araşdırma aparır.

Oxu.Az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Ali Radanın deputatı Vitaliy Kupriy yazıb.

O qeyd edib ki, UTX-yə şahid qismində çağırış vərəqəsi alıb. Sənədin fotosu deputat tərəfindən yazıya əlavə edilib.

Araşdırmalara səbəb isə ötən ilin avqustunda Poroşenkonun xüsusi təyinatlılar taqımına 500 milyon qriven (31 milyon manat) dəyəri olan 100 snayper kompleksi bağışlaması haqqında yayılan məlumat olub.

“Bu əməliyyatın və ötürmə mexanizminin qanuniliyini aydınlaşdırmaq üçün UTX-yə sorğu göndərdim”, – Kupriy yazıb.

Qurumda ona bildiriblər ki, xeyriyyə vəsaitlərinə malların alınmasına dair sazişə uyğun olaraq, hərbçilərə 100 deyil, 98 silah verilib, özü də onlar döyüş deyil, ov silahı olub.

Müdafiə naziri Stepan Poltorak isə qeyd edib ki, belə məlumatların KİV-də yayılması Ukraynanın milli maraqlarına zərbə vura bilər.

Məhz bu çıxışı əsas gətirən deputat UTX-nin araşdırmaya başlamasını tələb edib və buna nail olub.

Bundan əlavə Kupriy hesab edir ki, Poroşenko hərbçilərdən snayper komplekslərini oğurlayıb.