Adı böyük tikinti fırıldağına qarışan, şəriki intihar edən  Sahib İbrahimov təcridxanaya göndərildi; ona böyük mənimsəmə ittihamları var
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.  Qeyd edək ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

S.İbrahimovun qardaşı, iş adamı Hacı İbrahim Nehrəmli qardaşının həbsinə münasibət bildirib. O, modern.az-a “Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm” – qardaşı Sahib İbrahimovun həbs xəbərinə münasibət bildirərkən deyib. İ.Nehrəmli qardaşı olmasına baxmayaraq, S.İbrahimovla hər hansı əlaqəsi olmadığını vurğulayıb: “Belə bir şey varsa, Allah qapısını açsın!”, – deyən Hacı İbrahim Nehrəmli digər suallardan yayınıb.

Sahib İbrahimovun həbsi ilə nəticələnən proses illər öncədən vardı. Bu haqda mətbuatda, o cümlədən “Yeni Müsavat”da 2012-ci ildən üzü bəri bir neçə məqalə yayılıb. Qəzetimizin 2016-cı ilin noyabrında işıq üzü görən saylarından birində Sahib İbrahimovun Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılaraq həbs edilməsi xəbəri də dərc olunub. O dövrdə yayılan məlumatda bildirilirdi ki, sahibkar kimi vergi uçotunda dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınır. Dəfərlərlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödəməyib. Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca şübhəli şəxs qismində saxlanılıb. 2 sutka nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan “yuxarı”dan gələn zənglə sərbəst buraxılmışdı.

Məlum olmuşdu ki, Sahib İbrahimov qısa zaman ərzində borcunu ödəyəcəyinə dair iltizam verib. Qeyd edək ki, İbrahimov qardaşlarının adı ölkədə bir çox qalmaqallarda hallanır. Belə ki, Sahib İbrahimovdan əvvəl Hacı İbrahim Nehrəmli dövlətə olan kredit borcunu qaytarmadığına görə həbs olunmuşdu.

Sahib İbrahimov ile ilgili görsel sonucu

2015-ci ilin iyununda isə Sahib İbrahimovun şəriki, 1964-cü il təvəllüdlü Məzahir Cəfərov intihar etmişdi. M.Cəfərovun adı “Sahil D” kompleksi işindən tanışdır. Onun intiharından sonra Sahib İbrahimovun digər şəriki İlham Qasımov mətbuata açıqlama verərək Sahib İbrahimovu Bakı Əyləncə Mərkəzində birlikdə inşa etdirdikləri 4 binadan ibarət kompleksin tikintisinə sərmayə qoymadığı halda mənzilləri təkrar sataraq pulunu mənimsəməkdə təqsirləndirirdi. Belə məlumatlar var ki, Sahib İbrahimovun həbsi məhz bu işin üzərindən gerçəkləşib.

Həmin vaxt İlham Qasımov bildirmişdi ki, S. İbrahimov onun xəbəri olmadan müəssisənin kassasından 8 milyon 250 min manat pul götürüb, bununla yanaşı, 200 mənzili təkrar fərqli adamlara satıb. S.İbrahimov isə ortağının ittihamlarını rədd edirdi. Kompleksə 16 milyon 625 min dollar sərmayə yatırdığını, ona çatacaq əmlak payının məhkəmə vasitəsilə bərpa edildiyini bildirirdi. Özünü bu qalmaqalın qızışdığı günlərdə öldürən  M.Cəfərov “Sahil D” MTK-nın direktoru idi və şərikli biznesdə maliyyə işlərinə nəzarət edirdi.

S.İbrahimov və İ.Qasımovun ortaqlığının sonu olaraq bir mənzilin bir neçə nəfərə satılmasında imzası olan M.Cəfərovu hüquq-mühafizə orqanları saxlamışdılar. Onu həmin günlərdə Bakı İstintaq Təcridxanasına göndərmişdirlər. S.İbrahimov məhkəməni ortağına uduzandan sonra Rövşən Əliyev küçəsindəki hər biri 24 mərtəbəli 4 binadan ibarət “Sahil D” kompleksi İ.Qasımovun nəzarətinə keçmişdi. İ.Qasımov məhkəməni qazanıb mübahisəli kompleksi türk iş adamlarına dövr etməklə yaxasını tamamilə bu işdən qurtara bilmişdi. Məlumatlara görə, “STS” şirkətinin direktoru vəzifəsini icra edən M.Cəfərovun satdığı mənzillərin pulunu S.İbrahimova verdiyi barədə imzalı, möhürlü sənədləri olub. İlkin istintaqda M.Cəfərovun pulları mənimsədiyi sübut olunmayıb. Buna görə də o, müvəqqəti olaraq sərbəst buraxılmışdı və azadlığa çıxandan sonra özünü öldürmüşdü. Bundan sonra S.İbrahimovun qaynı, “Sahil D Kompany” MMC-nin təsisçisi Taleh Abdullayev saxlanıldı. Vətəndaşlara çatacaq 71 mənzilin S.İbrahimovun, 15-ə yaxın mənzil isə T.Abdullayevin üzərində olduğu bildirilirdi. Yəni evlərin satılmasında T.Abdullayevin də imzası olub. İ.Qasımov mətbuata açıqlamasında M.Cəfərovun günahsız olduğunu bildirmişdi.

Sahil İbrahimov həbs ile ilgili görsel sonucu

O dövrdə Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, “STS” və “Sahil D Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı M.Cəfərovun qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyi vurğulanırdı.  Qeyd olunurdu ki, özgənin əmlakını ələ keçirmək məqsədilə “Sahil-D Company” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satmaqla cəmi 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Bu barədə şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib.

O vaxt M.Cəfərovun ölüm faktı üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi də başlanmışdı…

musavat.com