Azərbaycan professional repinin banisi Anar Nağılbaz vəfat edib. Bu barədə REAL-a repçinin yaxınları məlumat veriblər.

Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünün səbəbi uzun müddətdir çəkdiyi stresdir.

Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib. 1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə “Canlı klip şou” rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə “Narkodünya” mahnısı ilə şöhrət qazanıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.