Emil Salamoğlu/AzEuroNews.com/Trabzon ► ► ► …Tiflis gündəliyini bitirməmiş AzEuroNews.com oxucularını Türkiyə sərhədindəki vəziyyətdən agah edim.

Azərbaycanlı sürücülər mütləq şəkildə bunu bilməlidirlər ki, şəxsi avtomobillə gedərkən böyük xərcə düşməsinlər.

► “Yaşıl sığorta” etməsəniz, batdınız!

Söhbət 2016-ci ildən qüvvədə olan “Yaşıl sığorta”dan gedir. Bu sığorta Türkiyə və İrana səfər edənlərə şamildir. Əgər siz “Sınıq körpü”də bu sığortanı etsəniz, böyük məbləğdə irəlidəsiz.

Məsələn, maşının mühərriki 1.6 at gücü olanlar Azərbaycan gömrüyündə cəmi 17 manat ödəniş edir və Türkiyə sərhədində “yaşıl sığorta”nı göstərməklə sərbəst keçir.

Ona görə də mütləq bunu edin, əks halda türk gömrükçüləri 60-70 dollar arası sığorta pulu tələb edəcəklər. Bu da təxminən 105 manat edir.

Amma bunun Gürcüstan sərhədində ödəyəcəyiniz 30 lari sığorta puluna aidiyyatı yoxdur. Yəni, üst-üstə 100 manat qabaqsınız.

Bu anlaşma 2 ildir qüvvədə olsa da, bir çox sürücülər məlumatsızdırlar və nəticədə Türkiyə sərhədində 70 dollar ziyan edirlər.

Məsələnin, bu tərəfi ilə agah etmişkən, sürücüləri və avtobusla gedən sərnişinləri Türkiyə sərhədində daha bir məsələdən vaqif edək.

► Etibarnamə ilə sürənlərin başı dərddə…

Belə ki, hazırda Gürcüstan sərhədini 3-5 dəqiqəyə keçsəniz də, Türkiyə sərhədində 1-2, qayıdanda 2-3 saat qalacaqsınız.

Buna səbəb sıxlıq deyil, gömrük məntəqəsində gedən təmir işləridir. Odur ki, minik avtomobilləri ilə yük maşınları eyni korpusdan daxil olaraq sərhəddən keçirlər. Təmirdən sonra türk sərhədini də növbəsiz keçəcəksiniz.

İkincisi, etibarnamə ilə avtomobil idarə edənlər maşının sahibinin xarici pasport nömrəsini qeyd olaraq götürsünlər.

Əks halda, türk gömrükçülər sizi geri qaytaracaqlar. Bu problemlə üzləşən sürücülərdən biri maşının əsl sahibinə vatsapla yazaraq, Bakıdan pasportun şəklini göndərməsini istədi və xeyli zaman itirdi.

Digəri isə maşın həyat yoldaşının adına idi və o da piyada zolağından getməli olduğu üçün avtomobili kənarda saxlayıb pasportunu götürüb təkrar məntəqəyə geri qayıtdı.

Çünki avtomobildə ailə üzvlərinin oturmasına nə gürcülər, nə türklər icazə verirlər. Halbuki, əvvəllər belə deyildi.

Əksinə, bu qadağa Azərbaycan gömrüyündə olurdu ki, indi siz gözlərinizə inanmayacaqsınız, ailə üzvləri maşında keçir, bizim gömrüyü keçmək olduqca rahatlaşıb, sadələşib, baqajı açıb çantaları eşələyi tökmürlər, incitmirlər, vaxtınızı almırlar, kobud gömrük məmurlarının yerinə mədəni işçilərlə qarşılaşırsınız.

Nə deyirik, göz dəyməsin…Sizinlə isə Trabzonda gördüklərimizi yazanda görüşəcəyik. AzEuroNews.com-u izləyin…