Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ► Vaxtaşırı gündəmə gələn məsələlərdən biri də sənədsiz evlərin sənədləşdirilməsi məsələsidir.

Baxmayaraq ki, hələ 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə, prezident qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı.

Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.

AzEuroNews.com-a danışan 2-ci Alatava yaşayış massivinin sakinləri həyət evlərinə çıxarış verilməsini səbirsizliklə gözləyirlər.

Onların sözlərinə görə, bu evlər 80-90-cı illərdə sürətlə tikilib və gecəqondu kimi qeydiyyatsızdır.

Amma illər keçir, metronun “20 Yanvar” stansiyasına yaxın olan bu ərazidə minlərlə insan yaşayır, artıq qəsəbəyə çevrilib və mülklərin sənədləşməsi zamanıdır.

Sakinlər arasında bəziləri xeyli vaxt əvvəl evlərini sənədləşdirib çıxarış alıblar. Amma əksəriyyəti başqa ünvanlarda qeydiyyatda ola-ola min bir əziyyətlə tikdikləri evlərdə yaşayırlar.

Vətəndaşları narahat edən ən çox bu ərazinin haçansa plana düşə biləcəyidir. O zaman sənədsiz evlər olduğu bəhanə edilərək mülkiyyət sahiblərinə az məbləğdə təzminat ödənilə bilər.

Bizimlə söhbətində bu məsələni qabardan alatavalılar deyirlər ki, həyət evlərinin sənədləşdirilməsi üçün bu səlahiyyətin ASAN Xidmətə verilməsi yaxşı olardı.

Hazırda Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Reyestr Xidməti bu işləri həyata keçirir. Sakinlər isə bu idarədə müxtəlif maneələrlə qarşılaşırlar.

“Dövlət bizə şərait yaratmalıdır ki, evlərimizi asanlıqla sənədləşdirək. Bakı böyüyür, tikintilər çoxalır, o vaxt bu evlər bir gecəyə tikiliblər.

Sabah plana düşəndə deyəcəklər ki, sənədsizdir, heç nə vermirik. Bu təhlükəni bilirik. Ona görə imkan yaradılmalıdır ki, evlər “kupça”lı olsun”, -deyə sakinlərdən biri söyləyir.

Ona görə həyət evlərinə çıxarış alınması olduqca mürəkkəb prosesə çevrilib. Monitorinqlər də göstərir ki, belə evlərin sayı kifayət qədər çoxdur.

Təhlükəli ərazilərdə, kommunikasiya xətlərinin üzərində, neft şirkətinə məxsus buruqların yaxınlığında bu günə qədər kifayət qədər evlər inşa edilib.

Yeri gəlmişkən, Bakı və Bakı ətrafında olan sənədsiz torpaq və evlər 3 kateqoriyaya ayrılır:

Birincisi, 1950-60-cı illərdə tikilmiş, el arasında “naxalstroy” deyilən evlərdir. Belə evlər ən çox “Papanin” deyilən ərazidə, 1 və 2-ci Alatavada var.

İkincisi, 1990-cı illərdə işsizliklə bağlı rayonlardan şəhərə axın nəticəsində tikilən evlərdir. Onda şəhərə iş dalınca gələnlər ucuz başa gələn sənədsiz torpaqları alaraq ev tikiblər.

Üçüncüsü, kateqoriyadan olanlar isə əvvəllər kolxoz və sovxoz torpaqlarının bələdiyyələrin balansına keçirilməsi, həmçinin əhaliyə paylanması nəticəsində yaranıb. Əhali pay torpaqlarını hissə-hissə satıb.

Bələdiyyələr də torpaqların qanunsuz satışı ilə məşğul olub. Nəticədə sənədsiz daşınmaz əmlak subyektləri yaranıb.

Ekspertlər deyir ki, vaxtilə bağ əraziləri sayılan yerlərdən indi əhali daimi yaşayış yeri kimi istifadə edir. Nəticədə bağ anlayışı ortadan qalxır, nəticədə sənədsiz torpaq və evlər meydana çıxır.

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayı 700 mindən artıqdır.