Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanıb, şirkətin direktoru BBC News Azərbaycancaya deyib.

2008-ci ilin iyul ayında təsis olunan şirkətin bağlanması Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlərin rəsmi siyahısında yerləşdirilən sənədlərdə göstərilir.

Sənədlərə əsasən The European Azerbaijan Society (TEAS) adı ilə qeydiyyatda olan təşkilatın bağlanmasına dair qərar bu il, iyul ayının 6-ı verilib.

Tale Heydərov/ Foto: © APA Holding
Tale Heydərov/ Foto: © APA Holding

TEAS-ın keçmiş direktoru, Lionel Zetter BBC News Azərbaycancaya şərh verməkdən imtina edib.

TEAS Britaniyada və bir neçə Avropa ölkələrində Azərbaycana dair tədbirlər təşkil edib.

Rəsmi sənədlərdə TEAS-ın 2008-ci ilin iyulun 2-də təsis edildiyi göstərilir.

2013-cü il mayın 31-də təşkilatın direktorları Tale Heydərov və onun kiçik qardaşı Nicat Heydərov, TEAS-ın direktor vəzifəsindən çəkilərək, onu Lionel Zetter-ə ötürüblər.

Sənədlərdə həmçinin şirkətin ləğvilə bağlı qərar da təsvir olunur:
“Adı yuxarıda çəkilən şirkətin üzvlərinin cümə günü, 6 iyul, saat 16:15-də keçirilən ümumi görüşündə… xüsusi qətnamə qəbul olunub”.

TEAS əsasən Britaniya, lakin həmçinin müxtəlif Avropa ölkələrində tədbirlər təşkil edib.

Artıq fəaliyyətdə olmayan saytında, şirkət özu haqqında məlumat bölməsində yazır ki, onun məqsədi “Azərbaycan barədə insanları məlumatlandırmaq və Avropa ölkələrilə Azərbaycan arasında siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsinə vasitəçilik” etməkdir.

Britaniyadan başqa, şirkət həmçinin Azərbaycan, Fransa, Almaniya, Belçika və Türkiyədə də fəaliyyət göstərib.
Son illərdə şirkətin keçirdiyi tədbirlərin sayının azaldığı müşahidə olunub.

TEAS konsert və sərgilərlə yanaşı, Qarabağ münaqişəsi və onun müzakirəsinə dair bir çox tədbirlər təşkil edib.