Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərdən polkovnik Bəhruz Abdullayevə qarşı elan edilmiş ittihamlar sübuta yetirilərsə onu 20 ilə qədər, digər konvoy əməkdaşlarını isə 19 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Fədayə Laçının əməli sübuta yetirilsə onu 6 ilə qədər cəza gözləyir.

Məhkəmədə elan edilmiş ittihamla Ceyhun Səmədov, Fuad Hacıyev, Tural Poladxanov özünü qismən təqsirli biliblər. Polkovnik Bəhruz Abdullayev özünü qətiyyən təqsirli bilməyib. Əli Ağami, Fədayə Laçın, Günay Atakişiyev və digərləri də özlərini qismən təqsirli biliblər. Məhkəmə Əli Ağamiyə ifadə verməyi təklif edib. O, ifadə verməyə hazır olmadığını deyib. Sonra isə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Məhkəmədə onun ifadəsi elan edilib. Bir neçə gün əvvəl Əli Ağaminin istintaqa ifadəsini dərc etmişdik. Həmin ifadəni buradan oxuya bilərsiniz: http://musavat.com/news/qoca-nin-qacis-plani-ile-bagli-ilginc-detallar-gece-qatarda-bas-verenlerin-butun-teferruatlari_546821.html

Günay Atakişiyeva da istintaqa ifadəsini təsdiqlədiyini deyib. Musavat.com G.Atakişiyevanın da istintaqa ifadəsini geniş şəkildə dərc edib. Həmin yazı ilə buradan tanış ola bilərsiz: http://musavat.com/news/qoca-ya-fedayeden-basqa-diger-sevgilisi-de-komek-edibmis-gece-vaqonda-onunla-qaldim_547066.html

G.Atakişiyeva suallara cavabında əməlindən peşman olduğunu söyləyib. Bildirək ki, iş üzrə 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş var.

Həbs edilənlərdən Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı B.Abdullayev Cinayət Məcəlləsinin 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi ilə yanaşı 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə də ittiham olunur.

Bildirək ki, B.Abdullayev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də ittiham irəli sürülüb.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. “Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və “Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.