Emil Salamoğlu/AzEuroNews.com/ ► ► ► Paytaxtın Yasamal rayonunda yeni yol çəkilişinə görə  75 evin yerində “lələ köçüb, yurdu qalıb”.

Şərifzadə küçəsində, ASAN xidmətin arxasından aşağı gedən məhəllədə yolun sağında evlər və bir neçə obyekt sökülüb.

Bu söküntü Mirzə Cabbar Məmmədzadə və Nazim Hikmət küçələrini əhatə edib. Söküntü işləri “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir.

Sakinlərdən öyrənirik ki, 75 evin hamısı sökülməyib. Hazırda mərhələli şəkildə işlər aparılır. Mülk sahiblərinə isə kvadratına 1200 manatdan təzminat ödənilir.

Ətrafda yaşayanların sözlərinə görə, bu məbləğə Şərifzadədə, ümumən Yasamalda ev tapmaq çətindir.

Amma işin başqa tərəfi var: burdakı darısqal, şəraitsiz mənzillərdə yaşamaqdansa, həmin kompensasiyanın puluna Xırdalan, Masazır, Hövsan ərazilərində həyət evləri almaq olar.

Həmçinin, digər variant həmin pula yeni tikilən binalardan təmirsiz ev sahibi olmaq, imkan düşdükcə evi təmir etməkdir. Amma buna qədər kirayədə yaşamaq xərci də nəzərə alınmalıdır.

Sakinlər söyləyirlər ki, evlər yarımçıq şəkildə sökülüb və tam şumlanmayıb. Bu evlər arasında ikimərtəbəli bir ev də var ki, onun kvadratı çoxdur və daha çox kompensasiya verilib.

Bir neçə günə nəzərdə tutulan bütün evlərin söküləcəyi və yol çəkilişinə başlanacağı sakinlərə bildirilib. Bundan sonra Yasamalda nəqliyyatın sıxlığında xeyli yüngülləşmə olacağı planlaşdırılır.

Anar Nəcəfli
Anar Nəcəfli

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, yeni yolla bağlı artıq 75 evin söküntüsünə başlanılıb: “Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir.

Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. Artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərindən çıxarılıb və söküntüyə başlanılıb”.

A.Nəcəfli bildirib ki, yeni yol Yasamal bazarının yaxınlığından, yəni “ASAN xidmət”in kənarı ilə çəkilir:

“Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq”.

Qurum rəsmisi ərazidə sökülən evlərə görə həmin mənzillərdə yaşayan ailələrə veriləcək kompensasiya barədə də danışıb:

“Kompensasiya mənzilin yerləşdiyi əraziyə görə ödənilir. Mənzilin hər kvadratına görə, ailələrə 1200 manata qədər kompensasiya ödənilir. Ərazidə müxtəlif təyinatlı obyektlər yerləşir.

Köçürülən ev və obyektlərin qanuni və qanunsuz olmasına baxmayaraq ev və obyekt sahiblərinə kompensasiyalar veriləcək. Artıq bəzilərinə kompensasiya verilir. Söküntüyə düşən hər daşınmaz əmlaka görə kompensasiya ödənilir”.