Yunis Cəfərov/AzEuroNews.com/Bakı ► ► ►  Son bir neçə aydır ki, ATV və ARB telekanallarında günün istənilən saatında spirtli içki reklam olunur.

AzEuroNews.comun verdiyi xəbərə görə, hər iki telekanalın efirində günün müxtəlif saatlarında pivə reklamı gedir.

“Televiziya və Radio Yayımı Haqqında” Qanunun 35.10-cu maddəsinə görə, istənilən teleradio yayımçısı saat 23:00-dan, 07:00-dək spirtli içki yayımlamaq hüququna malikdir.

Amma ATV və ARB efirlərində günorta saatlarında, axşam saatlarında, yəni 23:00-dan tez olan vaxtlarda “Xırdalan” pivəsinin reklamı gedir.

Bunu gün ərzində hər iki telekanalın kiçik monitorinqini aparmaqla görmək mümkündür.

Qeyd edək ki, qanuna düzəlişə qədər spirtli içkilərin reklamı ümumiyyətlə yolverilməz idi.

2005-ci ildə qanuna düzəliş edilib və istənilən teleradio yayımçısı saat 23:00-dan, 07:00-dək spirtli içki yayımlamaq hüququna malikdir.

Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə AzEuroNews.com-a bildirib ki, hazırda yayımlanan pivə reklamında onların 5%-dək alkoqollu olduğu qeyd edildiyinə görə qanun pozuntusu deyil:

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun Alkoqollu içkilərin reklamı ilə bağlı tələblərinə görə:

27.1. Alkoqollu içkilərin reklamında aşağıdakılar qadağandır: 27.1.9. Teleradio proqramlarında (verilişlərində) tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması.

Hazırda yayımlanan pivə reklamında isə onların 5%-dək alkoqollu olduğu qeyd edildiyinə görə qanun pozuntusu deyil”.