UEFA Super Kuboku matçında İspaniya “Atletiko”suna 2:4 hesabı ilə uduzan “Real Madrid” komandası bir sıra antirekordlara imza atıb.

“Report”un məlumatına görə, “kral klubu” son 70 ildə mövsümə ən pis başlanğıcını yeni baş məşqçi Xulen Lopetegi ilə gerçəkləşdirib. Bu komanda sonuncu dəfə 1948-ci ildə Maykl Kipinqin rəhbərliyi altında mövsümün açılış oyununda “Selta”ya uduzub – 1:4.

“Real Madrid”in bir oyunda 4 topla uduzduğu sonuncu oyun 3 il əvvələ təsadüf edib. Həmin vaxt Rafael Benitesin rəhbərlik etdiyi “kral klubu” “Barselona”ya yenilib – 0:4. Bu komanda beynəlxalq turnirin finalında isə 2000-ci ildən sonra ilk dəfə məğlubiyyətə düçar olub. Sonuncu belə məğlubiyyət Argentina “Boka Xuniors”u ilə Qitələrarası Kubok oyununa təsadüf edib – 1:2. Həmin il madridlilər həm də UEFA Super Kuboku qarşılaşmasında Türkiyə “Qalatasaray”ına uduzublar. Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün taleyi əlavə vaxtda vurulan qolla həll olunub – 1:2.

Həmin ildən etibarən “Real Madrid” ardıcıl 13 final oyunundan qalib ayrılıb. Başqa sözlə, “kral klubu” XXI əsrdə ilk dəfə həlledici qarşılaşmada uduzub.

Digər tərəfdən, Lopetegi son 3 ildə ilk dəfə uduzub. Sonuncu dəfə 51 yaşlı mütəxəssis 2015-ci ildə Portuqaliya “Portu”suna rəhbərlik etdiyi vaxt “Maritimu”ya yenilib – 1:3.

Qeyd edək ki, “Atletiko” əsas vaxtı 2:2 hesabı ilə başa çatan UEFA Super Kuboku matçının əlavə vaxtında qələbəyə nail olub – 4:2. Görüş Estoniyanın paytaxtı Tallində keçirilib.