Emil Salamoğlu/AzEuroNews.com/Bakı ► ► ►  Bakıda Qurban bazarlığı səhər saatlarından başlanıb. Şəhərin müxtəlif massivlərində bayram yarmarkaları təşkil olunub.

AzEuroNews.com-un verdiyi xəbərə görə, ötən ildən fərqli olaraq qurbanlıq heyvanların satışı və kəsimi yarmarkalardan kənarda həyata keçirilməyib.

Müxbirimiz məlumat verir ki, bu il qurbanlıq heyvanın qiymətində 50 qəpik artım müşahidə edilib. Ötən il kilosu 6 manatdan olan qurbanlıq bu il 6,50 manatdan satılıb.

Əməkdaşımıza bildirilib ki, yarmarkalara sübh tezdən gətirilən heyvanların əksəriyyəti Beyləqan, Ağcabədi, Bərdə və Cocuq Mərcanlıdan olub.

Günorta saatlarına doğru isə artıq yarmarkalarda qurbanlıq heyvanlar demək olar ki, qalmayıblar. Eyni zamanda imkanı aşağı olanlar üçün qurbanlıq kəsilərək kilo ilə satılıb.

Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən təşkil olunub. Qurban kəsdirənlər isə səliqə-sahmandan razılıq edib.

Onların sözlərinə görə, əvvəlki illərdə heyvanlar küçənin ortasında, səkilərdə kəsilirdi, natəmizlik yaranırdı, heyvanın qanı yola axırdı.

Amma feysbukda bəziləri yazırlar ki, əsasən Yasamal ərazilərində müəyyən yerlərdə yenə qaydalar pozulub, nəzərdə tutulmayan yerlərdə qurbanlar kəsilib.