Foto © Armin Linnartz/ wikipedia.org
Foto © Armin Linnartz/ wikipedia.org

 

Miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev: “Bu bir mesaj idi…”

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniya kansleri Angela Merkel Tbilisiyə səfəri əsnasında deyib ki, Gürcüstana miqrantların qayıtması üçün “təhlükəsiz ölkə” dərəcəsi verilməlidir. AzEuroNews.com xəbər verir ki, belə bir dərəcə Gürcüstan vətəndaşlarının gələcəkdə Almaniyadan sığınacaq istəməsini xeyli çətinləşdirəcək. Merkel deyib ki, Avropa İttifaqı 2017-ci ilin martından Gürcüstanla viza rejimini liberallaşdırandan bəri Almaniyadan sığınacaq istəyən gürcülərin sayı xeyli artıb, hərçənd son aylarda bu rəqəmin bir qədər azaldığı deyilir.

Almaniya kansleri Angela Merkel və Gürcüstanın baş naziri Mamuka Bakhtadze / Foto © Vano Shlanov (AFP)/ azadliq.org
Almaniya kansleri Angela Merkel və Gürcüstanın baş naziri Mamuka Bakhtadze / Foto © Vano Shlanov (AFP)/ azadliq.org

Merkel Gürcüstanın baş naziri Mamuka Bakhtadze ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, “Gürcüstan təhlükəsiz ölkədir”.

Gürcüstanın “təhlükəsiz ölkə” elan edilməsi Almaniyaya bu ölkədən olan miqrantların sığınacaq ərizələrini daha asan rədd etmək imkanı verəcək.

Bakhtadze deyib ki, Gürcüstan bundan sonra da onun ölkəsindən olan miqrantların Almaniyaya axınını azaltmaqda Berlinə kömək edəcək.

Xanım Merkel Ermənistandan sonra Azərbaycana səfər edəcək. Qərb mediasına görə, Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi, Rusiyaya alternativ enerji mənbəyi olan cənub qaz dəhlizinin genişləndirilməsidir.

Almaniyanın baş naziri ilə Azərbaycan prezidenti İlham Əliyevin görüşünün zamanı  bir çox məsələlərin müzakirə olunacağı gözlənilir.

Son illər Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayında artış olduğunu nəzərə alıb, Merkelin Əliyevdən bu yöndə müzakirə aparıb-aparmayacağını miqrasiya məsələləri üzrə ekspert, “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyevlə dəyərləndirdik.

"Leqat" inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev
“Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev

Ə.Əliyevə görə, Merkelin Gürcüstanın “təhlükəsiz ölkə” siyahısına daxil etməklə bağlı səsləndirdiyi fikirlərin tam hüquqi bazası var: “Həqiqətən Gürcüstan hüquqi dövlətdir. Gürcüstanda siyasi baxışlarına görə kimlərsə təqib olunmur. Azərbaycanla müqayisədə Gürcüstanda insanların siyasi düşüncəsinə görə, ictimai fəaliyyətinə görə həbs olunması halları mövcud deyil. Buna görə, Merkel o fikirləri səsləndirib ki,  Gürcüstan “təhlükəsiz ölkə” siyahısına daxil edilməlidir. O, hesab edir ki, Gürcüstan öz vətəndaşları üçün, fərqli siyasi baxışa malik insanlar üçün, insan hüquq və azadlıqlarının qorunması ilə məşğul olan şəxslər və media təmsilçiləri üçün təhlükəli ölkə deyil. Bütün bunlar nəzərə alınaraq Gürcüstan vətəndaşları geri qaytarıla bilər”.

Ə.Əliyevin fikircə xanım Merkelin Bakıda eyni fikirləri səsləndirməsi inandırıcı deyil: “Çünki Azərbaycandakı vəziyyət Merkelə, Avropaya bəllidir. Azərbaycan müxalif fikirli insanlar üçün təhlükəsiz ölkə deyil. Bu bir mesaj idi: Ermənistanın, Azərbaycanın və Gürcüstanın bir-birindən fərqləndirmək üçün”.

Məlumat üçün bildirək ki, bu ilin ilk 6 ayında Almaniyadan sığınacaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının sayı 01.01.2018-ci ildən 30.06.2018-ci ilə kimi olan müddətdə  1123 nəfər olraq qeydə alınıb. Onlardan 905 nəfəri ilk dəfə, 218 nəfəri isə təkrar olaraq qaçqın statusu almaq üçün müraciət edənlərdir. 6 ay müddətində 1986 nəfərin ərizəsinə baxılıb, onlardan 1026 nəfərinə rədd cavabı verilib. 819 nəfər Dublin sazişinə görə başqa ölkəyə göndərilib və ya könüllü ölkəyə qayıdıb. 141 nəfərə müvəqqəti yaşamaq icazəsi verilib – onlardan 7 nəfərinə “16a” paraqrafa əsasən ailə birləşməsi ilə yaşamaq üçün icazə verilib. 79 nəfərin sığınacaq hüququ , 17 nəfərin 41-ci paraqrafa əsasən köməkçi müdafiə hüququ tanınıb. 38 nəfərə dözümlü yanaşılmaqla ölkədən çıxarılması mümkünsüz hesab edilib.

© Yazıda “azlegat.com” və “azadliq.org” saytının məlumatlarından istifadə edilib.