Fərhad Çağtürk / AzEuroNews.com ► ► ►Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Angela Merkelin mətbuat konfransında alman jurnalist Azərbaycandakı insan haqları ilə bağlı sual verib. AzEuroNews.com xəbər verir ki, “Deutsche Welle”nin müxbiri Anya Köhler əvvəlcə sualını almanca səsləndirib. Lakin tərcümə zaman texniki problemlər olub və o, sualını ingiliscə telefondan oxumaq məcburiyyətində qalıb: “Prezident Əliyev, siz münasibətlərdə inkişafdan danışdınız. Bu yaxınlarda müxalifət lideri İlqar Məmmədov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı, həbsdə qalırlar. Buna görə, Avropa Şurası sizi tənqid edir. İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan (jurnalist burda səhvən Azərbaycan yerinə Əfqanıstan deyib – red) kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı? Söhbət zamanı Alman kansleri bu konkret hallarla bağlı sizlə danışdımı?”.

Azərbaycan prezidenti İlham Əliyev xanım jurnalistin sualına Azərbaycan dilində cavab verib: “Azərbaycan demokratik dəyərlərə sahib bir ölkədir. Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur. Bütün azadlıqlar təmin edilir. O cümlədən söz azadlığı, mətbuat azadlığı. Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayyət qədər çoxdur. Tənqidə görə, fərqli baxışa görə heç kim Azərbaycanda təqib olunmur. Yəni, tənqidə görə, fərqli baxışa görə, heç kim Azərbaycanda təqib olunmur, heç kim Azərbaycanda cəzalandırılmır”.

İ.Əliyev bildirib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər: “Bu il bildiyiniz kimi Azərbaycanda prezident seçkiləri keçirildi. Seçkilər ərəfəsindən və seçkidən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirdi. Azad, sərbəst şəkildə, maniyəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməyib. Bu da müxalifətin hansı hörmətə malik olduğunu göstərir. Ancaq heç bir məhdudiyyət qoyulmur. Azərbaycan demokratik dəyərlərə sadiqdir, insan haqlarına sadiqdir. Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu  tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa biz nəticə çıxarırıq. Əgər biz hesab ediriksə ki, bu tənqid əsassızdır,  qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, biz öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Mən də giriş sözümdə bildirdim ki, xanım Merkellə insan haqları, demokratik inkişafla bağlı məsələlər müzakirə edildi, açıq konstruktiv şəkildə”.

Azərbaycan prezidenti vurğulayıb ki, görüşün gündəliyi çox genişdir: “Müzakirə olunan bütün mövzular eyni əhəmiyyət daşıyır. Energetika, nəqliyyat, ticarət, regional təhlükəsizlik və eyni zamanda demokratik inkişaf. Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün müzakirə olunan yeni saziş də demokratik məsələlərə də geniş şəkildə yer ayırır. Biz bu yola şüurlu şəkildə getmişik. Heç kim bizə məcbur etməyib. Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra inkişaf edəcək. Bizim siyasi və iqtisadi islahatlarımız bir-birini tamamlayaraq Azərbaycanı daha yüksək səviyyəyə çıxaracaq”.