Həbib Axundov / Foto © Aytən Məmmədova
Həbib Axundov / Foto © Aytən Məmmədova

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı hallanan məhkəmə prosesi sentyabrın 6-na qədər təxirə salınıb. AzEuroNews.com xəbər verir ki, AzEuroNews.com xəbər verir ki, səbəb şahidlərin prosesə qatılmamasıdır. Sonuncu prosesdə deputat oğlu Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə məhkəmə qarşısına çıxarılaraq dindirilmişdi.

Elnur İbrahimov
Elnur İbrahimov

Məhkəmədə baxılan cinayət işi üzrə bir təqsirləndirilən şəxs var – Elnur İbrahimov. O, bir neçə nəfərin ümumilikdə 1 milyondan çox pulunu dələduzluq yoluyla ələ keçirməkdə ittiham olunur. Elnur İbrahimova qarşı CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Zərərçəkmişlər arasında Həbib Axundov da var. O, zərərçəkmiş qismində tanınsa da, digər zərərçəkmişlərin bir neçəsi pullarının mənimsənilməsinə görə təqsirləndirilən Elnur İbrahimovdan daha çox, Həbib Axundovu günahlandırırlar. Deyirlər ki, Həbib Axundov onların pulu hesabına özünə mal-mülk alıb.

Sonuncu prosesdə Həbib Axundov bu məsələyə münasibət bildirərkən “Mən 2012-ci ildən “Porsche” sürürəm” deməklə zərərçəkənlərin söylədiklərini inkar etməyə çalışıb.
Maraqlıdır ki, Həbib Axundov 170 min dollar qiyməti olan “Porsche”ni 2012-ci ildə hansı hesabdan alıb?
Zərərçəkənlər deyirlər ki, Həbib Axundov onlardan biznesə yatırmaq adı ilə külli miqdarda pul alıb və biznesin batdığını deməklə pullarını qaytarmayıb.
Bəs faktlar nə “deyir”? 2012-ci ildə Həbib Axundovun “Porsche” almağa imkan verən gəlirləri olubmu?

Rəsmi sənədlərə görə Həbib Axundov 2006-cı ildə Dövlət Gömrük Komitəsində(DGK) işə götürülüb. Ona “Azterminalkompleks” Birliyinin növbətçi hissəsində inspektor vəzifəsi veriblər. Deputat oğlu 486 manat 48 qəpik maaş almaqla bu vəzifədə 2015-ci ilin iyulun 1-nə qədər çalışıb. Rəsmi sənədlərə görə onu işdən öz xahişi ilə çıxarıblar.

Məlumat üçün qeyd edək ki, həmin günlərdə Həbib Axundovun adı hazırda məhkəmədə olan dələduzluq olayından dolayı mətbuatın gündəmindən düşmürdü. Aydındır ki, bu məsələdən sonra deputat oğlunu vəzifədə saxlamayacaqdılar. Üstəlik Həbib Axundovun dələduzluq işi ilə bağlı səs yazıları da mətbuatda kifayət qədər yayılıb. Həmin səs yazılarında Həbib Axundov polisin ünvanına nalayiq sözlər işlətməkdən tutmuş rüşvət vermə, sabiq müdafiə naziri Səfər Əbiyevlə şübhəli tender alveri, Masallıda Təhsil Nazirliyi xətti ilə tikilməli olan məktəbin tikintisində müəmmalı iştirakı, Fövqəladə Hallar Nazirliyindən tikintiyə icazəyə görə iş adamından böyük məbləğdə pul alınması məsələsi yer alır.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluq işindən dolayı üzə çıxan və bu günə qədər araşdırılmayan faktların bir qismi də qeyd olunanlardır. Həbib Axundovun 2012-ci ildə 486 manat 46 qəpik maaşla “Porsche” almasını şübhə altına alan da elə zərərçəkənlərin söylədikləri və üzə çıxan faktlardır. Hansılara ki, gec-tez baxılacağı, hüquqi qiymət veriləcəyi də qaçılmazdır.