Milli Məclisin deputatları bu gün – avqustun 30-da tətildən qayıdıblar.

Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə parlament ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. “Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə ( Deputatın məzuniyyəti) əsasən, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.