AzEuroNews.com ► ► ►  Şabrandan daha bir problemlə bağlı xəbər gəlib. AzEuroNews.com-un məlumatına görə, rayonun Ağalıq kəndində rüsvayçı mənzərə yaranıb.

Kənddə yolun kənarında bazara oxşayan bir yer açılıb. Burada maşın saxlayan və ya maşından alver edən vətəndaşların atdıqları tullantılarından üfunət iyi ətrafı bürüyüb.

Bu dəhşətli qoxu bir tərəfə qalsın, hələ alış-veriş etmək üçün saxlayan avtomobillər də yolu kəsib, qəza şəraiti yaradırlar.

Kəndin icra nümayəndəsi Elsevər müəllim isə şikayət edənlərə deyib ki, polisə bir neçə dəfə müraciət etmişik, nəticəsi olmayıb.

Polis isə müraciətdən xəbərsizdir və arzulayır ki, belə şikayət olsun, onlar da tədbir görsünlər. İndi Ağalıq camaatı qalıb biçarə və gözləyir ki, nə zaman bu antisanitariyaya son qoyulacaq.