Emil/AzEuroNews.com/Bakı ► ► ► Hələ ki, “reanimasiya” şəraitində olan, “qanqrena” və “metastaz” verən Azərbaycan futbolunun “kardiologiya şöbəsində” yeganə döyünən ürəyi “Qarabağ”dır.

Bu döyüşkən komandanın dünən iki qonağı var idi: biri meydandakı Moldova “Şerif”i, biri isə tribunalarda “Qonaq” sektoruna dəvətli olan azarkeşlər…

Ağdam klubu birinci qonağı necə lazımdırsa qarşıladı və bağırda – bağırda yola saldı. Çətin ki, “Şerif” bir müddət özünə gəlsin.

Bəs ikinci qonaqlar? Hə, onların cərgəsində mən də var idim. Amma bu sırada oturmağıma xəcalət çəkdim. Çünki “qurunun oduna yaş da yanır” misalı yerinə düşür.

Oyun başa çatdıqdan sonra bu sektordakı rüsvayçı mənzərəni görəndə “axı niyə beləyik, niyə belə edirik” deyə özümdə deyinməkdən başqa çarə yox idi.

Bu cərgədə oturanları sıraya düzüb nə danlamaq, nə fərdi şəkildə maarifləndirmək mümkün idi. Ümid həmin mənzərəni lentə almağa qalırdı.

Doğurdan da utandırıcıdır: qonaq sektorunda masaların üstündə tum qabıqları zibil dağına çevrilmişdi, su qabları, tumların paketləri atılmışdı, stadion bütünlüklə zibilliyə çevrilmişdi. Sözlər şəkillər qarşısında acizdir…

Axı niyə belə edirik? Ayıb deyilmi? Biz tum çırtlayıb qabığını stola tökməyə yoxsa “Qarabağ”a dəstək olmağa gəlmişdik?

Heç olmasa səliqəli şəkildə yığışdırıb bir selofana töküb, stadionun çıxışındakı zibil qutularına atmaq olardı.

Və bu acınacaqlı, barbar, meşşan mənzərəni gördükdə Bakıya gələn ərəb turistlərin özlərini pis aparmasından, Şəkildə oteli murdarlamasından, kirayələdikləri evi dağıdıb getmələrindən şikayətlənməyə nə qədər haqqımız çatır? Heç çatırmı?

Əslində, bu mədəniyyətsizlik varsa, ilk növbədə mühafizə xidməti növbəti oyunlarda stadiona tum satanları buraxmamalı, stadion rəhbərliyi inzibati addımlar atmalıdır.

İnsafən, stadionda bələdçilik edən könüllülər də kifayət qədər yardımsevər davrandılar, sırasını, yerini tapa bilməyən azarkeşlərə cani qəlbdən köməklik göstərdilər. Amma bəzilərimiz hamımızın adını batıran mənzərəyə imza atdılar.

Onu da nəzərə alaq ki, Avroliqanın qrup mərhələsində adlı-sanlı Avropa klubları qonağımız olacaqlar.

Özümüzə hörmət qoymuruqsa, heç olmasa gələcək avropalı qonaqların acı sarkazm hədəfinə çevrilməmək üçün bunu etməyək…