Nə hikmətdirsə, vəzifədən gedən nazirlər mətbuatdan da gedirlər. Barələrində yayılan hər hansı məlumatı özləri ilə dəqiqləşdirmək isə müşkül məsələyə çevrilməkdədir.

Vaxtilə yüksək rütbəli məmurlar arasında yer almış eks-nəqliyyat naziri Ziya Məmmədov haqqında ən çox söhbətlər dolaşan sabiqlərdəndir. Ziya Məmmədovun ölkəni tərk etdiyi iddia olunur.

Məlumatlara görə, Ziya Məmmədov yay mövsümünü Türkiyədə olub.  Hətta onun Türkiyəyə bir mövsümlük yox, bir ömürlük köçdüyü deyilir.

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün sabiq nəqliyyat naziri Ziya Məmmədovun özü ilə əlaqə saxlaya bilməsə də, qardaşı, keçmiş deputat Elton Məmmədovla danışıb.

O, saytımıza açıqlamasında yayılan xəbərlərin iftira olduğunu deyib.

“Ziya Məmmədov haqqında söz demək istəmirəm. Bu barədə dəfələrlə mətbuata açıqlama vermişəm ki, qardaşım haqqında məndən nəsə soruşmayın! Bircə onu demək istəyirəm ki, dezo xəbərləri yayıb nə edəcəklər?! İnsanlar evində oturub. Niyə getməlidirlər?! Bu cür inkişaf edən ölkəmizdən niyə getməliyik?!  Dövlət quruluşunda ölkə rəhbərinin yanında olmuşuq, bu gün də varıq, yanındayıq”-deyə o bildirib.

E.Məmmədov söyləyib ki, inkişaf edən Azərbaycanı hansısa dövlətlə dəyişməzlər.

“Yayılan xəbərlər yalandır, iftiradır. Məntiqli fikirlər deyil. Digər tərəfdən isə kiminsə harasa getməsinin başqalarına nə aidiyyatı var?!”.