AzEuroNews.com ► ► ►  “Anadan gəlmə qüsurluyam, yəni lal-karam. Üçüncü qrup əliləm. Bu əlilliyə görə 52 manat sosial müavinət alıram.

Ailəliyəm, üç yaşında övladım var. Özümdə Sumqayıt şəhər Mənzil-Komunal Təsərrüfatı Birliyində fəhlə işləyirəm. Bu işdəndə aylıq maaşım 125 manatdır”.

Bu sətirləri AzEuroNews.com-un elektron poçtuna (azeuronews@gmail.com) göndərdiyi məktubda Sumqayıt şəhər Xəzər bağlarında yaşayan Məmmədov Elvin Arzuman oğlu yazıb.

Elvin Məmmədov
Elvin Məmmədov

O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciətində qeyd edir ki, ailəsinin gəliri adambaşına düşən ehtiyac meyarından aşağıdır. Ona görə nazirliyə elektron qaydada yazıb.

“Müraciətim elektron qaydada 183207702972302 nömrəsi ilə VEMTAS tərəfindən baxılması üçün qeydiyyata alındı. Bir müddətdən sonra müraciətimə imtina verilib.

İmtinaya səbəb “Ailə üzvü Məmmədov Elvin Arzuman oğlu adına əmək müqaviləsi və müqavilələri üzrə əmək haqqı məbləğində uyğunsuzluq.

Ərizə-bəyannamədə 538,0 manat qeyd edilib, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən 654,55 manat olmalıdır” göstərilib. Bu müraciətimə verilmiş imtina tam qanunsuzdur”, – deyə E.Məmmədov narazılıq edir.

Onun sözlərinə görə, bu, sosial yardım almaq üçün etdiyi ikinci müraciətdir: “Birinci müraciətimə imtina veriləndən sonra mən “Kapital bank”dan ödəniş kartı üzrə çıxarış aldım.

Sonra təkrar ikinci dəfə elektron qaydada müraciət edəndə həmin ödəniş kartında göstərilən dörd ay yarım ərzində 538 manat maaşı ərizə bəyannamədə göstərmişəm.

Mətbuat vasitəsilə nazirliyin mənə göndərdiyi imtinanı və “Kapitalbank”ın ödəniş kartı üzrə çıxarışını təqdim edirəm.

İmtinaya səbəb olan bu informasiyanı VEMTAS hansı aidiyyəti qurumdan aldığını bilmirəm. Mən aldığım maaşı bilirəmki, dörd ay ərzində hər ay 125 mant 45 qəpik olub.

İşlədiyim birinci mart ayında da əmək günüm az olduğuna görə 36 manat 55 qəpik maaşım olub. Üst-üstə toplam mənə 538 manat 35 qəpik maaş hesablanıb.

Məndə bankdan 538 manat çıxarmışam və bunuda ərizə-bəyannamədə qeyd etmişəm. Gözlə görünən bu mötəbər sübutlar təsdiq edir ki, hər iki müraciətimə verilmiş imtinalar qanunsuzdur”.

Şikayətçi əlil bildirir ki, nazirliyə elektron qaydada müraciət etmək üçün Sumqayıt “Asan xidmət ” mərkəzindən aldığı ərizənin müddəti 6 sentyabrda bitir.

“Bu dəfədə imtina verilsə sosial yardıma görə müraciət etmək üçün yenidən ərizə forması almalıyam. Buda onsuzda yaşayış səviyyəsinin aşağı olduğu ailəm üçün maliyyə itkisi deməkdir.

Üçüncü dəfə 25 avqustda Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə elektron qaydada müraciət etmişəm. Müraciətim  183207702972303 nömrəsi ilə qeydiyyata alınıb. Bu günə kimi cavab verilməyib.

Ona görədə sizdən xahiş edirəm ailəmin müraciətlərinə verilmiş qanunsuz imtinaları şəxsən özünüz araşdıraraq tədbir görün ki, 25 avqust tarixdə 183207702972303 nömrəsi ilə VEMTAS tərəfindən baxılması üçün qeydiyyatdan keçmiş mənim müraciətimə qanuni cavab verilsin.Əlaqə üçün qardaşımın telefon nömrəsini qoyuram : 055 588 51 732″