Emil Salamoğlu/AzEuroNews.com ► ► ► İki gün sonra Azərbaycan millisi üçün yeni nəfəsliklər açılır. Yığmamız tarixində Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmağa bu qədər yaxın və bu qədər uzaq olmamışdı.

Bütün ümidlər isə sentyabrın 7-də Bakıdakı Olimpiya stadionunda Kosovo ilə keçiriləcək matçdan sonra ya dirilə ya dəfn oluna bilər. Bu qarşılaşmanı qrupun “açar oyunu” hesab etmək olar.

AzEuroNews.com xəbər verir ki, AÇ 2020 finalına vəsiqə uğrunda ilk dəfə təşkil olunan UEFA Millətlər Liqasında iştirak edəcək Azərbaycan millisi qrupda əsas rəqibi olan Kosovonu əzməlidir.

Maraqlısı odur ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır. Bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil.

1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan edib.

Bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanıyıblar. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanıb. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycandan gəlib.

Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü təmsil etdiyi dövlətin mövqeyini belə açıqlamışdır: “Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur”.

Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərib.

Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarı ilə geri çağırılıb.

Azərbaycan Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Bir müddət əvvəl serb prezident Vuçiç Davos Forumunda Avropa Birliyi üzvü olmaq üçün Kosovonun müstəqilliyini tanımağı istisna etməmişdi.

Əgər Serbiya dövləti Kosovonu müstəqil dövlət kimi legitim sayarsa, Azərbaycanın da bu məsələdə problemi olmamalıdır.

İkincisi, Qarabağla Kosovo arasında ciddi fərqlər var. İlk növbədə Kosovo albanları heç bir etnik təmizləmə siyasəti aparmayıblar və ətraf bölgələri işğal etməyiblər.

Beləliklə, Azərbaycan millisi ilk dəfə müstəqilliyini tanımadığı ölkənin futbol yığmasına qarşı oyun keçirəcək.

***

Futbolpress.az yazıb ki, Kosovonun millimizlə oyun üçün açıqlanan 24 nəfərlik heyətindəki 23 futbolçu ölkə xaricindəki müxtəlif klublarda çıxış edir.

Onlardan yalnız biri daxili çempionatda top qovur. Azərbaycanda isə əksinədi – 25 futbolçudan 21-i ölkə daxilində oynayır, cəmi 4-ü digər ölkələrdə.

Legionerlərin səviyyələri də fərqlidir. Əgər millimizin ən yaxşısı hesab edilən Riçard Almeyda “Astana”da heyətə düşmək uğrunda mübarizə aparırsa, Kosovonun indiki heyətindəki ən parlaq futbolçu sayılan Milot Raşika “Verder”də mövsümə fantastik start verib və Bundesliqada geridə qalan hər iki turun rəmzi komandasında özünə yer edə bilib.

 Almeydanın bazar dəyəri 1,5 milyondusa, 22 yaşlı Raşika 7 milyon avro kimi dəyərləndirilir. Bir məsələni də nəzərə almaq lazımdı ki, açıqlanan heyət heç də Kosovonun tam potensialını ortaya qoymur.

Komandanın əsas ulduzu sayılan – “Latsio”lu Valon Berişa zədə səbəbindən Azərbaycanla oyunu buraxmalı olacaq.

Bundan başqa, yalnız bir neçə ildi müstəqil olan Kosovo hələ Avropada çıxış edən futbolçularının hamısını yığmaya cəlb edə bilməyib.

Çünki bu futbolçuların bir çoxunun İsveçrə və Albaniya yığmalarında oynamaq seçimi də var. Lakin yerli federasiya zaman-zaman müsbət nəticələrə də nail ola bilir. Son olaraq “Mançester Siti”nin gənc qolkiperi Ariyanet Muriç razı salındı.

Azərbaycan və Kosovo yığmalarının indiki heyətinin bazar qymətlərinin müqayisəsində böyük fərq ortaya çıxır. Rəqibin ümumi qiyməti 43,43 milyon avrodusa, bizdə bu rəqəm təxminən 4 dəfə aşağı 11,48 milyon avrodu.

Heyətlərin orta yaş göstəricilərinə nəzər yetirsək, Azərbaycanda bu, 26,12 Kosovoda isə 23,82-di.

Kosovodan demək olar ki, yalnız FIFA reytinqində müsbət mənada fərqlənirik. Yığmamız 105-cidisə, rəqib 141-ci pillədə qərarlaşıb. Bütün sadalananları nəzərə aldıqda isə millimiz heç də Kosovo ilə görüşün favoriti deyil.

Əksinə, rəqib bir çox amildə daha üstün görünür və 3 gün sonra keçiriləcək görüşdə qeydə alına biləcək hər hansı uğursuz nəticə faciə olmayacaq. Çünki Kosovo futbolu böyük olan “cırtdan” ölkədi.

***

“Millətlər Liqası kimi turnirdə iştirak bizim üçün də yenilikdir. Hamı komandadan nəticə gözləyir. Ona görə də təzyiq həmişə olur”.

Bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirən mütəxəssis AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağın çətin olacağını bildirib:

“Deyə bilərik ki, Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belədə isə məsuliyyət daha da artır.

İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq.

Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını anlayıram. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır”.

Qeyd edək ki, yığmamızın sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşması saat 20:00-da başlayacaq. Komandamız 3 gün sonra isə səfərdə Maltanın qonağı olacaq.