Fərhad Çağtürk / AzEuroNews.com ► ► ►  Neçə ildir möhtərəm Dövlət Yol Polisi strukturunu bu təhlükədən agah edirik, di gəl Mirzə Cəlil demişkən, düzəlmir ki, düzəlmir…

Gözləyirlər kiminsə başına qada – bəla, faciə gələ, sonra hərəkətə keçsinlər. Necə ki süpürgəçilərin qətliamı aidiyyatı qurumları yerindən tərpətdi.

Söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Komsomol dairəsindən gedir. Bu yoldan hər gün piyadalar öz ayıq-sayıqlığı və Allahın ümidinə keçirlər.

Görəsən nə mürəkkəb, nə strateji geopolitik problemdir bu ərazidə piyada zolağı qoymaq?!

Aydındır, buradan dəmiryol xətti keçdiyinə görə işıqfor quraşdırmaq olmur. Amma piyada keçid xətti çəkmək rəsm əsəri çəkmək deyil ki, yarım saatın işidir…

Bu yolun təhlükəliyi hər an qaynar olması ilə bərabər iki tərəfdən avtomobillərin hərəkətliliyidir. Bülbülə qəsəbəsindən gələnlərlə Bakıxanovun içindən gələn nəqliyyat bu dairədən keçirlər.

Əslində, dairədən əlamət də yoxdur. Dəmiryol xəttini keçən maşınlara Bülbülədən gələnlər yol verir, sonra özləri dərhal hərəkət edirlər.

Bu zaman kəsiyində piyadaların yolu keçib dayanacağa getməsi mümkün deyil və hər an qəza riski yaşanır.

Sadəcə, qarşılıqlı anlayış şəraitində ya sürücülərdən kimsə insanlıq edib qəza işıqlarını yandırır və piyadalara yol verir, ya da gözləməlisən ki, yol boşalsın. Ay boşaldı ha…

Eynilə şəhərin əks istiqamətindən, yəni Sabunçudan Bakıxanovun içərisinə gələn avtomobillər də həmişə piyadalara yol verə bilmir, onları da anlamaq olar.

Beləcə, hər gün uşaq, qoca, cavan, fərq etməz, bu bəlayi yol ilə can çarpışmasındadırlar. Axı Komsomol sakinləri canını küçədən tapmayıblar. O halda DYP üçün bir piyada zolağı çəkmək nə ağır işdir?!

Sakinlər deyirlər ki, axşam saatlarında bu ərazidə göz-gözü görmür. O vaxtlarda yolu keçmək ikiqat təhlükəli olur.

Dəfələrlə yazıblar, pozublar, piyada zolağı üçün xahiş ediblər, eşidən olmayıb. Ona görə piyadalar qaçhaqovla, zirəkliklə bu yoldan keçməyə öyrəşməyə çalışırlar.

Komsomol dairəsində nə piyadaların keçidi üçün zolaq, nə işıqfor, nə də hərəkəti nizamlayan hər hansı işarə var.

Bu ərazidə yaşayanlar da şikayətlənirlər ki, hərəkət intensiv olduğu üçün hər an piyadaların vurulması təhlükəsi var. Avtomobillər piyadalara yol vermir, iki istiqamətdən fasiləsiz hərəkət var.

Sürücülər çox zaman piyadalara yol vermirlər, sürət həddini aşırlar, hər saniyə burda ölüm təhlükəsi var. Uşaqlar burdan keçir, yaşlı adamlar yolu keçməyə çətinlik çəkir. Yəni, ölüm saçır bu yol…

Bizimlə söhbətində sakinlər xahiş edirlər ki, Daxili İşlər naziri Ramil Usubov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov onların səsinə səs versinlər, müvafiq tapşırıq verib, bu təhlükəli bəlayi yola bir çarə qılsınlar.