Fərhad Çağtürk / AzEuroNews.com ► ► ►  Sabirabadın Qaragüney kənd sakini Samid Muradov neçə ildir ki, heyvanlarını Kür çayı ətrafındakı meşə zolağında otarır.

Onun AzEuroNews.com-a göndərdiyi şikayət məktubunda qeyd olunur ki, sonuncu dəfə heyvanları meşəyə otlamağa göndərərkən onlardan 16-nın zəhərləndiyi xəbəri gəlib.

Zəhərlənmiş heyvanlardan 9-nu xilas etmək mümkün olub, 7 baş mal-qara isə yerindəcə tələf olublar.Fermer S.Muradovun sözlərinə görə, meşə ərazisi qanunsuz olaraq meşəbəyi Rasim Məmmədrzayev tərəfindən zəbt olunub.

Şikayətçi iddia edir ki, meşəbəyi heyvanların buraxılmaması üçün otlaq sahəyə zəhər səpib. Çünki Rasim Məmmədrzayev həmin sahədə əkin-biçinlə məşğuldur.

Fermer deyir ki, ölmüş heyvanlardan Qida Təhlükəsizliyi İnstitutunun Sabirabad Regional Sınaq Laboratoriyasının mütəxəssisləri tərəfindən götürülən nümunələr və heyvanların kimyəvi maddədən zəhərlənməsinin təsdiq olunması belə deməyə əsas verir.

Laboratoriyadan birmənalı şəkildə bildirilib ki, heyvanlarhər hansı xəstəlikdən yox, məhz kimyəvi maddələrdən zəhərləniblər. Odur ki, fermer ona dəymiş ziyanın meşəbəyi Rasim Məmmədrzayev tərəfindən ödənilməsini tələb edir.

Hətta məsələ “Xəzər” telekanalı tərəfindən çəkilərək efirə verilib. Amma Ekologiya vəTəbii Sərvətlər Nazirliyi və onun yeni rəhbəri Muxtar Babayev tərəfindən meşəbəyinin əməlinə qiymət verilməyib.

Fermer dövlət başçısına müraciətində bildirir: “Özbaşınalıq edən meşəbəyi Rasim Məmmədrzayevi Sabirabad regional meşə idarəsinin rəisi Əlixan Əsgərov və müavini Zahid Məmmədov müdafiə edirlər. Mən fermer kimi ölkə başçısı İlham Əliyevə müraciət edirəm. Cənab prezident, görün hələ meşəbəyi yerlərdə hansı özbaşınalığı, qudurğanlığı edib vəzifə səlahiyyətlərini aşır və ekologiya naziri MuxtarBabayev heç bir tədbir görmür.Məcburuq ki, dərdimizi sizə deyək. Meşəbəyi Rasim Məmmdrzayevin mənə vurduğu ziyanın ödənilməsi və barəsində ölçü götürülməsi üçün ciddi göstəriş vermənizi sizdən xahiş edirəm”.